Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı həm regional, həm də qlobal miqyasda ciddi siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyi, gələcək inkişaf prioritetlərini, dəyişən geosiyasi reallıqları və ölkənin milli maraqlara əsaslanan müstəqil siyasətini əhatə edən geniş tezislər irəli sürdü. Bu çıxış, əslində, Azərbaycanın yaxın və uzunmüddətli strateji baxışının konseptual təqdimatı idi.
Prezidentin əsas mesajlarından biri Azərbaycanın artıq yalnız regional aktor deyil, qlobal proseslərə təsir göstərən “orta güc” statusuna yüksəlməsi ilə bağlı idi. Dövlət başçısı bunun əsas meyarlarını ölkənin müstəqil siyasəti, milli maraqları qətiyyətlə müdafiə etməsi, güclü müdafiə potensialı, regional təhlükəsizliyə verdiyi töhfə və sərhədlərindən kənarda baş verən proseslərə təsir imkanları ilə izah etdi.

Çıxışda Azərbaycanın coğrafi üstünlüklərinin düzgün qiymətləndirilməsi xüsusi yer tutdu. Prezident vurğuladı ki, son illərdə yaradılan müasir nəqliyyat və logistika infrastrukturu, qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan münasibətlər, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də irimiqyaslı enerji layihələri ölkəni Avrasiyanın mühüm tranzit və əməkdaşlıq mərkəzlərindən birinə çevirib.
Azərbaycan-Türkiyə münasibətləri barədə danışan dövlət başçısı iki ölkə arasında dostluğun, qardaşlığın və müttəfiqliyin beynəlxalq münasibətlər sistemində nadir nümunə olduğunu bildirdi. O qeyd etdi ki, dünyada etnik və dini baxımdan yaxın xalqlar arasında qarşıdurmalar yaşandığı halda, Azərbaycan və Türkiyə münasibətləri əsl qardaşlıq modelini nümayiş etdirir.
Prezident Avropa təsisatları ilə münasibətlərə də geniş toxundu. O bildirdi ki, Azərbaycan Avropa ölkələri və institutları ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Bununla yanaşı, Avropa Komissiyasında və bəzi Avropa institutlarında fəaliyyət göstərən anti-Azərbaycan şəbəkələrinin ikitərəfli münasibətlərə ciddi zərbə vurduğunu önə çəkdi. Dövlət başçısı əvvəlki Avropa Komissiyasının bəzi nümayəndələrinin Azərbaycana qarşı qərəzli fəaliyyətini xatırladaraq, yeni rəhbərliklə daha konstruktiv əməkdaşlıq üçün imkanların yarandığını qeyd etdi.
AŞPA və Avropa Parlamentində Azərbaycana qarşı qəbul edilən qərarlara toxunan prezident, bunların ölkənin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinə görə həyata keçirildiyini bildirdi. İnsan hüquqları mövzusunun siyasi alətə çevrildiyini vurğulayan dövlət başçısı Azərbaycanın Avropa Şurasında üzvlüyünü davam etdirməsinin ciddi şəkildə nəzərdən keçirildiyini açıqladı. Bununla yanaşı, Azərbaycanın nümayəndə heyətinin səsvermə hüququ bərpa olunacağı halda təşkilata qayıda biləcəyini də istisna etmədi.
ABŞ-Azərbaycan münasibətləri barədə danışan prezident 2025-ci ildə Vaşinqtona tarixi səfərinin və prezident Donald Tramp administrasiyası ilə qurulan strateji tərəfdaşlığın yeni mərhələ açdığını bildirdi. O, ABŞ-ın vitse-prezidenti Cey Di Vensin Bakıya səfərini və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanmasını münasibətlərin yeni keyfiyyət mərhələsi kimi qiymətləndirdi.
Dövlət başçısı Azadlığa Dəstək Aktına edilmiş “907-ci düzəliş”in artıq tamamilə köhnəldiyini və ləğv edilməsinin zəruri olduğunu bildirdi. Prezident qeyd etdi ki, Azərbaycan uzun müddətdir Ermənistana qarşı bütün tranzit məhdudiyyətlərini aradan qaldırıb və ABŞ Konqresi mövcud geosiyasi reallıqları nəzərə alaraq bu ədalətsiz qərarı aradan qaldırmalıdır.

Prezident Trampın beynəlxalq münaqişələrin həllinə yönəlmiş siyasətini də yüksək qiymətləndirərək, onun müxtəlif regionlarda sülhün təşviqinə çalışdığını və Azərbaycan-Ermənistan sülh danışıqlarının yekun mərhələsinə mühüm töhfə verdiyini qeyd etdi. Dövlət başçısı əvvəlki ABŞ administrasiyasının Cənubi Qafqazda qarşıdurma siyasətini üstün tutduğunu, yeni yanaşmanın isə sülhə əsaslandığını vurğuladı.
Enerji təhlükəsizliyi məsələləri də çıxışın əsas istiqamətlərindən biri oldu. Prezident bildirdi ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz nəqlinin coğrafiyasına görə dünyada lider mövqedədir. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolu daha da artıb. Dövlət başçısı hasilatın və ixrac imkanlarının genişləndirilməsi üçün böyük potensialın olduğunu, yeni bazarların, o cümlədən Suriyanın da qaz ixracı coğrafiyasına daxil edildiyini qeyd etdi.
Dövlət başçısı ölkəsinin gələcək inkişaf gündəliyini də açıqladı. Qarabağın bərpasının başa çatdırılması, yeni nəqliyyat dəhlizlərinin istifadəyə verilməsi, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının inkişafı, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun artırılması qarşıdakı dövrün əsas prioritetləri kimi göstərildi.
Çıxışda insan hüquqları mövzusunda Qərbin ikili standartları da sərt tənqid edildi. Prezident bildirdi ki, uzun illər Azərbaycana qarşı insan hüquqları adı altında siyasi təzyiq göstərilib. Eyni dairələrin Fransanın müstəmləkə siyasəti, Yeni Kaledoniya, Martinika, Polineziya və digər ərazilərdə baş verən hadisələr barədə susması isə ikili yanaşmanın göstəricisidir. Dövlət başçısı Bakı Təşəbbüs Qrupunun məhz bu problemləri beynəlxalq gündəliyə çıxaran səmərəli platformaya çevrildiyini qeyd etdi.
Prezident Azərbaycanın vaxtı ilə müstəmləkə həyatı yaşadığını xatırladaraq, bu səbəbdən müstəmləkə xalqlarının azadlıq hüququnu dəstəklədiyini bildirdi. Fransa rəhbərliyinin ermənipərəst siyasətini də tənqid edən dövlət başçısı qondarma “Dağlıq Qarabağ” layihəsinə verilən dəstəyin beynəlxalq hüquqa zidd olduğunu vurğuladı.

Azərbaycan-Çin münasibətləri də çıxışın mühüm istiqamətlərindən biri idi. Prezident 2025-ci ildə Çinə dövlət səfərindən sonra hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin bütün sahələr üzrə inkişaf etdiyini, Çin investisiyalarının artdığını, Orta Dəhlizin əhəmiyyətinin daha da yüksəldiyini bildirdi. ABŞ-İran və Rusiya-Ukrayna qarşıdurmaları fonunda Azərbaycanın tranzit imkanlarının daha da aktuallaşdığı xüsusi qeyd olundu.
Dövlət başçısı Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də toxunaraq, ortaq tarix, mədəniyyət və iqtisadi maraqların regionu vahid siyasi-iqtisadi məkana çevirdiyini bildirdi. Bu əməkdaşlığın nəqliyyat, logistika və ticarət layihələrinin genişlənməsinə yeni imkanlar açacağı vurğulandı.
Prezidentin çıxışının ən mühüm mesajlarından biri isə milli birliklə bağlı idi. Dövlət başçısı vurğuladı ki, Azərbaycan yalnız öz gücünə arxalanmalıdır. Dünyada münaqişələrin və geosiyasi risklərin artdığı şəraitdə milli həmrəyliyin qorunması ölkənin təhlükəsizliyinin əsas təminatıdır. Prezident qeyd etdi ki, Azərbaycandakı birlik süni deyil, xalqın iradəsindən və milli şüurundan qaynaqlanır. Gənclərə müraciət edən prezident onların vətənə bağlı, milli kimliyinə sadiq, güclü iradəyə malik insanlar kimi yetişməsinin vacibliyini xüsusi olaraq qeyd etdi. Dövlət başçısı bildirdi ki, Azərbaycan xalqı gələcəkdə də qalib xalq kimi yaşamalı, milli ləyaqətini və müstəqilliyini daim qorumalıdır.
Beləliklə, Şuşadan səsləndirilən bu mesajlar təkcə bugünkü siyasi gündəmin deyil, Azərbaycanın qarşıdakı illərdə izləyəcəyi xarici siyasət kursunun, iqtisadi inkişaf modelinin və milli təhlükəsizlik strategiyasının əsas konturlarını müəyyənləşdirən proqram xarakterli tezislər kimi diqqət çəkir. Prezidentin çıxışı Azərbaycanın qlobal proseslərdə daha fəal, daha təsirli və milli maraqlara söykənən siyasət yürütmək əzmində olduğunu bir daha nümayiş etdirdi.


























