Qərbi Azərbaycanda mədəni irsin dağıdılması
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır. Rəsmi İrəvan Qərbi Azərbaycanda xalqımızın min illər ərzində yaratdığı mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri, tarixi yaşayış yerlərini dağıdıb.
Bu tarixi-mədəni abidələr arasında yalnız Azərbaycan memarlığının və İslam mədəniyyətinin parlaq nümunələrindən biri olan Göy Məscid qalıb. Lakin Ermənistan Göy Məscidin orijinal tarixi-memarlıq üslubunu qəsdən dəyişdirərək onu başqa ad altında təqdim etməyə çalışır. Regionun tarixini və mədəni mənzərəsini təhrif etmək, yenidən yazmaq məqsədi daşıyan belə destruktiv addımlar dözümsüzlük və irqçilikdən başqa bir şey deyil. Ermənistan bununla da kifayətlənməmiş, Azərbaycana qarşı hərbi təcavüzə əl ataraq onun ərazilərini işğal etmiş, etnik təmizləmə törətmiş, şəhər və kəndləri dağıtmış, talan etmiş, torpaqlarımızı saysız-hesabsız minalarla çirkləndirmişdir. Cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan xalqı heç vaxt bu ədalətsizliklə barışmamış, haqq səsini dünyaya çatdırmağa çalışmışdır.
Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi, beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
2020-ci ildə Azərbaycanın şanlı Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi Qarabağdan və Şərqi Zəngəzurdan qovulmuş soydaşlarımızın doğma yurdlarına qayıdışına imkan yaratdı.
Son illər Qərbi Azərbaycan məsələsi yeni siyasi və hüquqi mərhələyə qədəm qoyub. Mövzunun beynəlxalq konfranslarda, akademik platformalarda və diplomatik müstəvidə daha fəal şəkildə gündəmə gətirilməsi onu regional tarix mübahisəsindən çıxarıb insan hüquqları və beynəlxalq hüquq müzakirəsinin bir hissəsinə çevirir. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan yanaşması məsələnin sülh yolu ilə və hüquqi mexanizmlər çərçivəsində həllini ön plana çıxarır. Bu yanaşma revanşizm deyil, hüququn aliliyinə əsaslanan ədalət çağırışı kimi təqdim olunur. Burada əsas məqsəd tarixi yaddaşın qorunması, mədəni irsin bərpası və insanların fundamental hüquqlarının tanınmasıdır.
Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri




















