Ermənistan cəmiyyətinin qəbuledilməz reaksiyası.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.
Diplomatik nümayəndələrin müxtəlif bölgələrə səfərləri onların ölkə haqqında obyektiv məlumat əldə etməsi, mövcud reallıqlarla yerində tanış olması və gördükləri faktlar əsasında fikir formalaşdırması baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri də tamamilə təbii və qanuni proses kimi qiymətləndirilməlidir.
Səfərin əsas məqsədi bölgədə həyata keçirilən bərpa-quruculuq işləri, infrastruktur layihələri, əhalinin geri qayıdışı, sosial obyektlərin yaradılması və regionda formalaşan yeni reallıqlarla tanış olmaqdır. Diplomatik korpus nümayəndələrinin bu ərazilərə səfər etməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın müxtəlif bölgələrində baş verən proseslər barədə daha dolğun və birbaşa məlumat əldə etməsinə imkan yaradır.
Lakin Ermənistan cəmiyyətinin müəyyən dairələrinin bu səfərə sərt və emosional münasibət göstərməsi bir daha göstərir ki, bölgədə baş verən dəyişikliklərin və yeni reallıqların qəbul edilməsi ilə bağlı ciddi psixoloji və siyasi problemlər hələ də mövcuddur. Xüsusilə diplomatik nümayəndələrin müstəqil şəkildə bölgəyə səfər etməsinə qarşı etirazların səsləndirilməsi sağlam dialoq və qarşılıqlı anlaşma mühitinə xidmət etmir.
Əslində, bölgədəki reallıqları qəbul etmək və onları düzgün qiymətləndirmək regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasının əsas şərtlərindən biridir. Cəmiyyətlər arasında düşmənçilik və qarşılıqlı ittihamların davam etdirilməsi əvəzinə, mövcud vəziyyətin obyektiv şəkildə öyrənilməsi, faktlara əsaslanan yanaşmanın təşviq edilməsi daha məqsədəuyğun olardı.
Qarabağ və Şərqi Zəngəzurda hazırda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Uzun illər ərzində dağıdılmış yaşayış məntəqələrinin, yolların, enerji və su infrastrukturunun, məktəb və digər sosial obyektlərin yenidən qurulması Azərbaycanın qarşısında duran əsas vəzifələrdəndir. Bölgədə yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi də bu prosesin mühüm istiqamətlərindəndir.
Diplomatik korpusun nümayəndələrinin həmin əraziləri ziyarət etməsi məhz bu prosesləri yerində görmək baxımından əhəmiyyətlidir. Xarici diplomatların öz gözləri ilə gördükləri mənzərə müxtəlif siyasi mövqelərdən və birtərəfli məlumatlardan fərqli olaraq, daha obyektiv təsəvvür formalaşdırmağa imkan verir. Bu isə Azərbaycanla bağlı beynəlxalq ictimaiyyətdə düzgün məlumatlandırmanın təmin edilməsi baxımından vacibdir.
Qocayev Rövşən-Gənc fəal

























