Azərbaycanin daxili işlərinə müdaxilə
11–12 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistanın bir sıra siyasi, media və ictimai dairələrində ciddi narazılıq doğurmuş, səfərin mahiyyətinin təhrif olunmasına və iştirak edən xarici diplomatların hədəfə alınmasına yönəlmiş kampaniya meydana çıxmışdır. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərə yaxın diplomatik nümayəndənin iştirakı onun genişmiqyaslı diplomatik tədbir olduğunu göstərir. Nümayəndə heyəti Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə olmuş, regionda həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur və sosial-iqtisadi layihələrlə, eləcə də bir sıra tarixi-mədəni obyektlərlə tanış olmuşdur. Səfərdən sonra Ermənistanın informasiya məkanında müşahidə olunan reaksiyaların əsas xüsusiyyəti ondan ibarət olmuşdur ki, Azərbaycanın ərazisində keçirilən legitim diplomatik tədbir yalnız tənqid edilməmiş, eyni zamanda Azərbaycanın suverenliyinə dair mübahisəli yanaşmanın yenidən gündəmə gətirilməsi üçün vasitəyə çevrilmişdir. Ermənistan mediasının bir hissəsi Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərlə bağlı Azərbaycan tərəfindən qəbul edilmiş coğrafi adlardan istifadə etməkdən imtina etmiş, əraziləri “Artsax”, “işğal olunmuş Şuşa” və digər siyasi yüklü ifadələrlə təqdim etmişdir. Bununla yanaşı, səfərin Azərbaycanın Qarabağ üzərində suverenliyini möhkəmləndirməyə yönəlmiş “təbliğat tədbiri” olduğu iddia edilmişdir. Daha diqqətçəkən məqam isə xarici diplomatların özlərinin hədəfə çevrilməsidir. Ermənistan mediasında və ekspert dairələrində səfərdə iştirak edən bəzi Qərb diplomatlarının, o cümlədən Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin Şuşada çəkilmiş görüntüləri xüsusi müzakirə mövzusuna çevrilmiş, onların Azərbaycanda keçirilən tədbirdə iştirakı və gördükləri reallıqlara münasibəti tənqid edilmişdir. Beləliklə, məsələ Azərbaycanla Ermənistan arasındakı siyasi fikir ayrılığından çıxaraq üçüncü dövlətlərin diplomatlarının haraya səfər edə biləcəyi və hansı diplomatik tədbirlərdə iştirak edə biləcəyi məsələsinə qədər genişləndirilmişdir. Bu kontekstdə Ermənistanın “Enlightened Armenia” partiyasının rəhbəri Edmon Marukyanın mövqeyi xüsusi diqqət çəkir. O, diplomatların Qarabağa səfərini qəbuledilməz hesab etmiş və beynəlxalq strukturlara diplomatik nota göndərilməsinə çağırış etmişdir. Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın da səfər zamanı səsləndirilən bəzi fikirləri tənqid etdiyi barədə məlumatlar yayılmışdır. Burada prinsipial məsələ ondan ibarətdir ki, Azərbaycanın suveren ərazisində xarici diplomatların səfərinin təşkil edilməsi Azərbaycanın öz səlahiyyət dairəsinə aid məsələdir. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrin Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Qarabağ və Şərqi Zəngəzura səfər etməsi üçün Ermənistanın siyasi razılığına ehtiyac yoxdur. Bu baxımdan Ermənistanın siyasi və ictimai dairələrində həmin səfərin “qəbuledilməz” elan edilməsi və xarici diplomatların fəaliyyətinin qınanması Azərbaycanın daxili və xarici siyasətinə təsir göstərmək cəhdi kimi qiymətləndirilə bilər. Məsələnin digər mühüm tərəfi Ermənistanın 2020-ci ildən sonrakı reallıqla bağlı mövqeyidir. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağ üzərində tam suverenliyini bərpa edib. Bundan sonra Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma, məskunlaşma, nəqliyyat, təhsil, səhiyyə və iqtisadi layihələri həyata keçirməsi ölkənin öz ərazisində həyata keçirdiyi dövlət siyasətidir. Bu proseslə tanış olmaq məqsədilə xarici diplomatların bölgəyə səfər etməsi də normal diplomatik praktikanın tərkib hissəsidir. Buna görə həmin səfərin legitimliyinin Ermənistan tərəfindən sorğulanması Azərbaycanın suveren qərarlarına siyasi təsir göstərmək cəhdi təsiri yaradır. Xüsusilə səfərdə iştirak edən nümayəndələrin sayının böyük olması Ermənistanın müəyyən dairələrində yaranan narahatlığın yalnız ayrı-ayrı diplomatların səfəri ilə məhdudlaşmadığını göstərir. 58 dövlət və 9 beynəlxalq təşkilatın təmsilçilərinin eyni səfərdə iştirakı Qarabağda mövcud yeni reallığın beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından əhəmiyyətlidir. Ermənistanın bəzi media və ictimai-siyasi dairələrinin məhz bu prosesi hədəfə alması onların beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisindəki vəziyyətlə birbaşa tanışlığından narahat olduğunu göstərən siyasi siqnal kimi qiymətləndirilə bilər.
Zərdab rayon Nizami Gəncəvi adına Şəftəhal kənd tam orta ümumtəhsil məktəbin müəllimi Kərimova Ülviyyə Mayis qızı



















