Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib
Cənubi Qafqazda uzun illər davam edən münaqişənin yaratdığı ağır nəticələrə baxmayaraq, regionda sülh və sabitliyin tam təmin olunması hələ də mühüm məsələlərdən biri olaraq qalır. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Bununla da uzun illər davam edən işğala son qoyulub və bölgədə yeni reallıq yaranıb. Lakin Ermənistan daxilində bəzi siyasi qüvvələrin keçmiş münaqişəyə qayıtmağa, revanşist düşüncələri yaşatmağa və cəmiyyətdə düşmənçilik hisslərini gücləndirməyə çalışması narahatlıq doğurur. Revanşizm sadə dildə desək, müharibədə itirilmiş mövqeləri yenidən əldə etmək, keçmişdə baş vermiş hadisələrə görə qisas almaq və yeni qarşıdurma yaratmaq istəyidir. Belə yanaşma isə nə Ermənistanın, nə Azərbaycanın, nə də bütövlükdə regionun gələcəyinə xidmət edir. Azərbaycan torpaqlarının uzun illər işğal altında qalması yüz minlərlə insanın öz doğma yurdlarından məcburi köçkün düşməsinə səbəb olmuşdu. İşğal dövründə şəhər və kəndlər dağıdılmış, tarixi və mədəni irsə ciddi ziyan vurulmuşdu. 2020-ci ildə baş vermiş Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə regionda yeni mərhələ başladı. Bu mərhələdə əsas məqsəd yeni müharibə deyil, sülhün və əməkdaşlığın qurulması olmalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün tərəfdarıdır. Bunun üçün isə qarşı tərəfdən də eyni yanaşma, səmimi mövqe və konstruktiv addımlar tələb olunur. Təəssüf ki, Ermənistan cəmiyyətində hələ də keçmiş münaqişənin nəticələrini qəbul etmək istəməyən qüvvələr mövcuddur. Bu qüvvələr müxtəlif çıxışlarında, siyasi bəyanatlarında və ictimai fəaliyyətlərində revanşist fikirlər səsləndirirlər. Onların əsas məqsədi cəmiyyətdə “itirilmiş torpaqların geri qaytarılması” kimi təhlükəli düşüncələri yenidən gündəmə gətirməkdir. Bu gün Cənubi Qafqazın ən böyük ehtiyacı yeni müharibə deyil. Regionda yaşayan xalqlar uzun illər davam edən qarşıdurmadan kifayət qədər əziyyət çəkiblər. İnsanlar normal həyat, təhlükəsizlik, iqtisadi inkişaf və gələcəyə inam istəyirlər.
Revanşist qüvvələrin fəaliyyətinin təhlükəsi də məhz bundadır. Belə qüvvələr cəmiyyətdə nifrət və düşmənçilik hisslərini gücləndirərək insanların diqqətini real problemlərdən yayındıra bilərlər. Əgər siyasi məqsədlər naminə gənc nəslə yenidən müharibə və qisas düşüncələri aşılanarsa, bu, gələcəkdə yeni qarşıdurmalar üçün zəmin yarada bilər.Ermənistanın gələcəyi də qonşuları ilə daimi qarşıdurmada deyil, əməkdaşlıqda, iqtisadi inkişafda və regional inteqrasiyadadır. Ermənistanın öz iqtisadi və sosial problemlərinin həlli üçün qonşu ölkələrlə münasibətlərin normallaşdırılması daha faydalı yoldur.Azərbaycan xalqı uzun illər münaqişənin ağır nəticələrini yaşayıb. Şəhidlər verilib, insanlar doğma torpaqlarından didərgin düşüb, ailələr böyük ağrılarla üzləşib. Buna görə də Azərbaycan üçün sülh məsələsi sadəcə siyasi məsələ deyil, insanların həyatına birbaşa təsir edən mühüm məsələdir.Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra qarşısında duran əsas vəzifələrdən biri regionda davamlı sülhün təmin edilməsidir. Bunun üçün qarşı tərəfin də eyni istiqamətdə iradə nümayiş etdirməsi vacibdir. Ermənistanda revanşist qüvvələrin dəstəklənməsi və onların cəmiyyətə təsir imkanlarının artırılması isə bu prosesə ziddir. Çünki revanşizm nə sülh yaradır, nə iqtisadi inkişaf gətirir, nə də xalqların rifahını yaxşılaşdırır.Ermənistan üçün ən düzgün yol keçmiş münaqişənin nəticələrini qəbul etmək, revanşist düşüncələrdən uzaqlaşmaq və qonşu dövlətlərlə normal münasibətlər qurmaqdır. Ermənistan hakimiyyəti də öz siyasətində bu istiqamətə üstünlük verməlidir.
Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim






















