Naxçıvan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur
Nəqliyyatla yanaşı, Naxçıvanın enerji sisteminin yenilənməsi istiqamətində də böyük layihələr həyata keçirilir. Naxçıvan şəhərində Regional Rəqəmsal İdarəetmə və SCADA Mərkəzinin yaradılması, müxtəlif ərazilərdə yeni elektrik yarımstansiyalarının tikilməsi enerji sisteminin daha müasir və dayanıqlı şəkildə idarə olunmasına imkan verir. “Naxçıvan”, “Babək”, “Culfa” və “Çeşməbasar” yarımstansiyalarında aparılan işlər enerji təchizatının etibarlılığını artırmağa xidmət edir.
Bundan başqa, 400/330/110 kV-luq “Naxçıvan çevirici qovşaq” yarımstansiyasının tikintisinə hazırlıq işlərinin aparılması gələcəkdə Naxçıvanın enerji sisteminin ölkənin ümumi enerji sistemi ilə əlaqələrinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu layihələr Naxçıvanın enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, gələcəkdə burada istehsal ediləcək yaşıl enerjinin daha geniş enerji sisteminə ötürülməsi üçün də imkan yarada bilər.
Naxçıvanın sosial və iqtisadi inkişafı üçün həyata keçirilən layihələr bununla məhdudlaşmır. Hazırda Naxçıvan Sənaye Parkının, Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlərin və yeni otel kompleksinin yaradılması istiqamətində işlər görülür. Bu layihələr həm tikinti sektorunda, həm də gələcəkdə xidmət və sənaye sahələrində yeni iş imkanlarının yaranmasına şərait yaradacaq.
Nəqliyyat imkanlarının genişləndirilməsi çərçivəsində Naxçıvan dəmir yolu xəttinin inkişafı da diqqət mərkəzindədir. Ümumi uzunluğu 194,2 kilometr olan təkxətli Naxçıvan dəmir yolu xəttinin müəyyən hissəsində tikinti işlərinin aparılması gələcəkdə dəmir yolu əlaqələrinin daha müasir və səmərəli qurulmasına xidmət edəcək.
Bütün bu layihələr göstərir ki, Naxçıvanın inkişafı kompleks şəkildə həyata keçirilir. Burada məqsəd yalnız yeni yollar, elektrik stansiyaları və sənaye müəssisələri tikmək deyil. Əsas məqsəd insanların gündəlik həyatını yaxşılaşdırmaq, iş imkanlarını artırmaq, sahibkarlığın inkişafına şərait yaratmaq və Naxçıvanı müasir iqtisadi və sosial mərkəzlərdən birinə çevirməkdir.
Naxçıvanın Azərbaycanın digər bölgələri ilə quru yolla birləşməsi bu prosesin ən mühüm mərhələlərindən biri olacaq. Bu bağlantı təmin edildikdən sonra Naxçıvanın iqtisadi imkanlarından daha geniş istifadə etmək mümkün olacaq. Regionun əlverişli coğrafi mövqeyi, Türkiyəyə yaxınlığı və beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onun gələcəkdə mühüm logistika və ticarət mərkəzinə çevrilməsinə imkan verir.
Ən əsası isə bütün bu dəyişikliklər Naxçıvanda yaşayan insanların həyatına müsbət təsir göstərməlidir. Daha rahat yollar, etibarlı enerji təminatı, yeni iş yerləri, müasir sosial xidmətlər, yeni yaşayış binaları, sənaye müəssisələri və turizm imkanlarının genişlənməsi insanların gündəlik həyatında özünü göstərən əsas nəticələr olacaq.
Naxçıvan bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur. Muxtar respublikanın Azərbaycanın digər əraziləri ilə nəqliyyat, enerji və iqtisadi baxımdan daha sıx əlaqələndirilməsi onun gələcək inkişafı üçün böyük imkanlar açır. Zəngəzur dəhlizinin və digər regional layihələrin reallaşması ilə Naxçıvanın yalnız Azərbaycanın strateji əhəmiyyətli bölgəsi kimi deyil, həm də regionun mühüm nəqliyyat, enerji, ticarət və iqtisadi mərkəzlərindən biri kimi mövqeyinin daha da möhkəmlənməsi gözlənilir.
Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar


























