Azərbaycan torpaqlarında Qafqaz Albaniyası irsi.
Tarixə nəzər salsaq oradan aydın olur ki, XI əsrdə Albaniya çarlığı – Ereti knyazlığı (Şəki-Kambican), yəni Kürün şimalındakı vilayət (sol sahil) Kaxetiya tərəfindən fəth edilmişdi. Kür və Araz (sağ sahil) çayları arasında qalan Albaniya çarlığı – knyazlıqlar Şəddadilər və müvəqqəti olaraq fəth edilənə qədər Baqratid Armeniya arasında bölündü və yalnız XII əsrin sonlarında keçmiş Qafqaz Albaniyasının parçalanmış hissəsi olan Artsax-Xaçen knyazlığının Xaçınçay və Tərtər çayları hövzəsində, daha doğrusu, təxminən Ərsak və Uti ərazisində yüksəlişi başlayır. Bu Alban birliyinin dirçəlişi Sənəkərim vasitəsi ilə Mihranilərlə qohum olan Həsən Cəlalın adı ilə bağlıdır.
Qafqaz Albaniyasının tarixi Azərbaycanın tarixidir, bizim mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Tariximizin müəyyən bir dövrünü əhatə edən, xalqımızın etnogenezini, keçmişini və onun nəticəsi olaraq bugünkü Azərbaycanın tarixini Qafqaz Albaniyası olmadan təsəvvür etmək mümkün deyil. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz mədəni irsini beynəlxalq səviyyədə layiqincə təqdim və təbliğ edir.
Ermənistanın, ümumiyyətlə Qafqaz Albaniyası irsinə mənfi reaksiyası irqçilik kimi qiymətləndirilə bilər. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu dünya tarix elminə yaxşı məlumdur. Ermənistan cəmiyyətində Qafqaz Albaniyasının və onun mədəni irsinin inkarı, faktiki irqçilikdir. Ermənistan həqiqətə dözümsüzdür. Azərbaycan Respublikasının ərazisindəki bütün tarixi və mədəni abidələr Azərbaycan dövlətinə və xalqına məxsusdur, dövlət tərəfindən bütün məsuliyyəti ilə qorunur.
Tarixi-mədəni irsə dövlətimiz tərəfindən böyük diqqət hər zaman göstərilir. Azərbaycan tarixinin bütün mərhələlərinin böyük diqqətlə öyrənilməsi bizim borcumuzdur. Bu tarixi həssaslıqla təhlil etmək, o dövrün mədəni-siyasi proseslərini diqqətlə öyrənmək çox önəmlidir.
Bu gün Azərbaycan milləti tarixi dövrünü yaşayır. Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistan qoşunları tərəfindən əvvəllər işğal edilmiş və faktiki olaraq Azərbaycan dövlətinin nəzarətindən kənarda olan Qarabağ torpaqlarını azad etdi. İşğalçılar silahın gücü, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlığı və cəsarəti, vətənpərvərliyi və motivasiyası qarşısında geri çəkildilər. Canlı qüvvəsinin və texnikasının tamamilə məhv olma təhlükəsi qarşısında qalan işğalçılar təslim olmağa və bu barədə bəyanatı imzalamağa məcbur oldular ki, bu sənədə əsasən, hərbi yolla götürülməyən digər bölgələr də Azərbaycana qaytarıldı.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri





















