Azərbaycanın daxili işlərinə müdaxilə.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri bir daha Azərbaycanın suveren ərazisində baş verən proseslərə xarici dairələrin münasibətini gündəmə gətirib. Səfərin məqsədi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və əhalinin Böyük Qayıdış proqramı çərçivəsində doğma torpaqlarına qayıdışı ilə bağlı diplomatik nümayəndələri məlumatlandırmaq olub.
Lakin bu səfərə Ermənistanda və erməni revanşist dairələrində verilən reaksiyalar göstərir ki, bəzi qüvvələr regionda formalaşmış yeni reallıqları qəbul etmək istəmir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsindən sonra belə reaksiyaların davam etməsi ilk növbədə revanşist düşüncənin hələ də müəyyən dairələrdə ciddi təsirə malik olduğunu nümayiş etdirir.
Qarabağ Azərbaycanın suveren ərazisidir. Belə reaksiya Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə ziddiyyət təşkil edir. Bu, həm də Azərbaycanın daxili işlərinə kobud müdaxilədir. Ermənistan cəmiyyəti hansı haqla xarici diplomatları Azərbaycanın suveren ərazisində hərəkətinə görə linçləyir? Diplomatik korpusun son səfəri göstərir ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dəstəkləyirlər.
Əslində, burada söhbət təkcə diplomatik nümayəndələrin səfərindən getmir. Məsələ Azərbaycanın suveren dövlət kimi öz ərazisində sərbəst fəaliyyət göstərməsi hüququ ilə bağlıdır. Azərbaycan ərazisində hansı dövlət nümayəndəsinin hansı bölgəyə səfər etməsi, hansı obyektlərlə tanış olması və hansı məlumatları əldə etməsi Azərbaycanın suveren hüquqlarına daxildir. Buna kənardan etiraz etmək və həmin səfərləri siyasi təzyiq predmetinə çevirmək beynəlxalq münasibətlərin fundamental prinsipləri ilə uzlaşmır.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri həm də Azərbaycanın bölgədə yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərdə yolların, hava limanlarının, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası Azərbaycanın həmin ərazilərdə dövlət idarəçiliyini və sosial-iqtisadi inkişafı təmin etdiyini göstərir.
Erməni revanşist dairələrinin bu reallığı qəbul etmək əvəzinə xarici diplomatların səfərinə etiraz etməsi isə mahiyyət etibarilə keçmiş status-kvoya qayıtmaq cəhdidir. Halbuki 2020-ci ildən sonra regionda tamamilə fərqli siyasi-hüquqi vəziyyət formalaşıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə separatizm və işğal üzərində qurulmuş siyasi layihə öz mahiyyətini itirib.
Bu baxımdan Ermənistan cəmiyyətində və siyasi mühitində xarici diplomatlara qarşı aqressiv ritorikanın səsləndirilməsi xüsusilə diqqət çəkir. Diplomatik nümayəndələrin fəaliyyətinin linç ritorikası ilə qarşılanması yalnız Azərbaycana qarşı münasibəti deyil, eyni zamanda Ermənistanın özünün beynəlxalq diplomatik münasibətlərə yanaşması barədə suallar yaradır.
Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırsa, bu tanımanın məntiqi nəticəsi onun Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində həyata keçirilən legitim diplomatik fəaliyyətinə hörmətlə yanaşması olmalıdır.
Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumtəhsil məktəbinin direktoru





















