image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-2

Ermənistanın qeyri-səmimiliyi

image-legitimaz-810x90

 

Erməni revanşist dairələrinin ritorikasında diqqət çəkən digər məqam “Artsax” məsələsinin yenidən beynəlxalq gündəmə qaytarılması cəhdidir. Səfərin özü Azərbaycan ərazisindəki mövcud vəziyyətlə tanışlıq məqsədi daşıdığı halda, həmin dairələr onu keçmiş separatçı qurumun siyasi statusu müstəvisinə keçirməyə çalışmışlar. Bununla da 2023-cü ildə Azərbaycanın suverenliyinin bərpasından sonra formalaşmış yeni reallığın qəbul edilməməsi, keçmiş status-kvonun informasiya və siyasi müstəvidə qorunması cəhdi nümayiş etdirilmişdir. Ermənistan mediasında səfəri “Artsaxa səfər” kimi təqdim edilməsi bu yanaşmanın konkret nümunəsidir.  Bu yanaşma eyni zamanda revanşist düşüncənin diplomatik müstəviyə daşınması kimi qiymətləndirilə bilər. Çünki burada söhbət artıq yalnız Qarabağın keçmiş statusu ilə bağlı siyasi mövqedən getmir. Xarici diplomatların Azərbaycan tərəfindən təşkil edilmiş səfərdə iştirakına etiraz edilir, onların gördükləri obyektlər və Azərbaycan rəsmilərinin verdiyi məlumatlar əvvəlcədən “təbliğat” və “dezinformasiya” kimi təqdim olunur, bəzi diplomatların şəxsi şəkildə tənqid və hədəfə alınmasına qədər gedilir. Ermənistanın müstəqil media resurslarında da səfərlə bağlı məhz bu tip reaksiyaların geniş yayıldığı görünür.  Belə yanaşma beynəlxalq diplomatik fəaliyyətin mahiyyəti ilə də ziddiyyət təşkil edir. Xarici diplomatların müxtəlif ölkələrə səfər etməsi, yerli hakimiyyət nümayəndələri ilə görüşməsi və dövlətin təqdim etdiyi obyektlərlə tanış olması diplomatik fəaliyyətin adi elementlərindəndir. Diplomatik nümayəndələrin səfər zamanı eşitdikləri və gördükləri barədə öz hökumətlərinə məlumat vermək hüququ vardır. Onların bu fəaliyyətinin başqa bir dövlətin siyasi dairələri tərəfindən məhdudlaşdırılmasına və ya istiqamətləndirilməsinə cəhd göstərilməsi qəbuledilməz presedent yarada bilər. Bu baxımdan Ermənistan daxilindəki müəyyən dairələrin reaksiyasının Azərbaycanın daxili işlərinə müdaxilə aspekti xüsusilə vurğulanmalıdır. Azərbaycan ərazisində hansı xarici nümayəndələrin qəbul edilməsi, hansı ərazilərə səfərlərin təşkil olunması, ölkənin hansı regionlarında diplomatik nümayəndələr üçün tanışlıq proqramlarının keçirilməsi Azərbaycan dövlətinin səlahiyyətindədir. Ermənistanın bu qərarları diktə etmək və ya xarici diplomatların fəaliyyətini siyasi baxımdan məhdudlaşdırmağa çalışmaq hüququ yoxdur. Digər tərəfdən, səfərə qarşı kampaniyada tarixi-mədəni irslə bağlı iddiaların ön plana çıxarılması da təsadüfi deyil. Diplomatik nümayəndələr Gəncəsər və Dadivank kimi dini-tarixi obyektlərlə tanış olublar. Azərbaycan tərəfi bu abidələrin tarixi-mədəni irs kontekstində təqdimatını verib. Ermənistan tərəfdən isə bu təqdimat “tarixi faktların təhrif edilməsi” kimi qiymətləndirilib. Bu fikir ayrılığı özlüyündə siyasi və elmi müzakirə predmeti ola bilər; lakin həmin fikir ayrılığının xarici diplomatların Azərbaycana səfərinin legitimliyini şübhə altına almaq üçün istifadə olunması artıq başqa məsələdir.  Məsələnin ən mühüm siyasi nəticələrindən biri də budur ki, Ermənistanın müəyyən dairələri Azərbaycanın ərazisində formalaşmış yeni reallığı beynəlxalq diplomatik təmaslar vasitəsilə legitimləşən proses kimi qəbul etmək istəmirlər. Xarici diplomatların Qarabağa səfəri, bölgədəki bərpa və quruculuq işlərini yerində görməsi, Xankəndidə yeni infrastrukturla tanış olması və Şuşa ilə Kəlbəcərdə həyata keçirilən layihələri müşahidə etməsi Azərbaycanın təqdim etdiyi reallığın beynəlxalq nümayəndələr qarşısında birbaşa nümayiş etdirilməsi deməkdir. Məhz bu səbəbdən səfərin informasiya müstəvisində neytrallaşdırılması və diplomatların diqqətinin Azərbaycanın bərpa prosesindən yayındırılaraq keçmiş münaqişə gündəminə yönəldilməsi cəhdi müşahidə olunur.  11–12 sentyabr səfərinə Ermənistanın müəyyən siyasi, media və revanşist dairələrinin reaksiyası sadəcə fikir ifadəsi kimi deyil, daha geniş siyasi-informasiya kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Bu kampaniyanın əsas elementləri Azərbaycanın Qarabağ üzərində suverenliyinin şübhə altına alınması, Azərbaycan ərazisində keçirilən diplomatik tədbirin legitimliyinin inkar edilməsi, xarici diplomatların hədəfə alınması, onların gördükləri reallıqların əvvəlcədən “təbliğat” kimi təqdim edilməsi və “Artsax” məsələsinin yenidən beynəlxalq gündəmə gətirilməsinə cəhd göstərilməsidir.  Yekun olaraq demək olar ki, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi bərpa-quruculuq siyasəti və bu prosesin xarici diplomatlar tərəfindən yerində müşahidə edilməsi Azərbaycanın daxili işidir. Xarici diplomatların həmin ərazilərə səfərinə görə Ermənistan daxilində siyasi təzyiq kampaniyasının aparılması isə Azərbaycanın suveren hüquqlarının şübhə altına alınmasına, onun daxili siyasətinə təsir göstərilməsinə və beynəlxalq diplomatik fəaliyyətə müdaxilə görüntüsünün yaranmasına səbəb olur. Bu reaksiyaların ən problemli tərəfi odur ki, onlar 2023-cü ildən sonra yaranmış yeni reallığı qəbul etmək əvəzinə, keçmiş separatçı status-kvonu informasiya və siyasi müstəvidə yaşatmağa, beynəlxalq ictimaiyyətin Azərbaycan ərazisindəki vəziyyətlə birbaşa tanışlığını gözdən salmağa və bununla da sülh və normallaşma prosesinin mahiyyətinə zidd revanşist gündəmi qorumağa xidmət edir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi -Alagöz Namazova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki