image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-w_1617892335101218340184_1200x630

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri çox mühüm əhəmiyyət kəsb edir

image-legitimaz-810x90

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri çox mühüm əhəmiyyət kəsb edir

 

Müharibədən sonrakı dövrdə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün yeni yanaşmalara ehtiyac var. Keçmişin qarşıdurma və düşmənçilik siyasətindən uzaqlaşmaq, qonşu dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etmək, xalqlar arasında normal münasibətlərin formalaşmasına çalışmaq regionun gələcəyi üçün daha faydalıdır. Bu baxımdan diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərinə etiraz etmək əvəzinə, bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək addımlara üstünlük verilməsi daha doğru olardı. İllər ərzində Qarabağ münaqişəsi ilə bağlı müxtəlif ölkələrdə fərqli məlumatlar səsləndirilib. Təbii ki, belə mürəkkəb məsələlərdə ən doğru məlumatın əldə olunmasının yollarından biri hadisə və prosesləri yerində görməkdir. Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri məhz bu baxımdan əhəmiyyətlidir. Onlar burada dağıdılmış əraziləri, yenidən qurulan şəhər və kəndləri, həyata keçirilən infrastruktur layihələrini, məcburi köçkünlərin qayıdış prosesini öz gözləri ilə görürlər. Bu cür səfərlər yanlış təsəvvürlərin aradan qaldırılmasına da xidmət edə bilər. Çünki reallığı yerində görmək, yalnız uzaqdan yayılan məlumatlara əsaslanmaqdan daha obyektiv nəticə çıxarmağa imkan verir. Dünyanın müxtəlif ölkələrində xarici diplomatların müxtəlif regionlara səfər etməsi adi diplomatik praktikadır. Diplomatlar təmsil etdikləri ölkələrin maraqları çərçivəsində müxtəlif bölgələrə gedir, dövlət qurumları və yerli əhali ilə görüşür, sosial-iqtisadi vəziyyətlə tanış olurlar.

Azərbaycan da öz ərazisində belə səfərlərin təşkilində maraqlıdır. Çünki ölkəmizdə həyata keçirilən işlərin beynəlxalq ictimaiyyət tərəfindən görülməsi və obyektiv şəkildə qiymətləndirilməsi vacibdir. Bu səbəbdən diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfər etməsi normal və məntiqli addımdır. Buna qarşı aqressiv münasibət nümayiş etdirmək isə regionda sülh və qarşılıqlı etimadın formalaşmasına xidmət etmir. Cənubi Qafqaz xalqları uzun illər müharibələrdən, qarşıdurmalardan və itkilərdən əziyyət çəkib. Müharibənin ən böyük zərərini isə sadə insanlar görüb. İnsanlar həyatını itirib, ailələr parçalanıb, yaşayış məntəqələri dağılıb, yüz minlərlə insan doğma yurdlarından didərgin düşüb.

Bu gün əsas məsələ keçmişin ağrılarını unutmaq deyil, həmin faciələrin bir daha təkrarlanmaması üçün düzgün nəticə çıxarmaqdır. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra qarşıda duran əsas vəzifələrdən birini sülh və quruculuq kimi müəyyən edib. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri də məhz gələcəyə hesablanıb. Bu baxımdan Ermənistan cəmiyyətində də yeni reallıqlara daha sağlam və praqmatik yanaşmanın formalaşması vacibdir. Daim keçmiş qarşıdurmanı gündəmdə saxlamaq heç bir tərəfə fayda vermir. Adi Azərbaycan vətəndaşı üçün əsas məsələ müharibə deyil, sülhdür. İnsanlar övladlarının təhlükəsiz şəraitdə yaşamasını, ölkənin inkişaf etməsini, yeni iş yerlərinin açılmasını və bölgədə sabitliyin qorunmasını istəyirlər.

Qarabağ və Şərqi Zəngəzurda qurulan yeni şəhər və kəndlər də insanların məhz bu istəyinin göstəricisidir. Bu ərazilər artıq dağıntı və müharibə ilə deyil, quruculuq və inkişafla tanınmalıdır.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki