Azərbaycan öz ərazisində aparılan bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə açıq şəkildə təqdim edir
Azərbaycan son illərdə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Uzun illər ərzində münaqişə və işğal nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri və digər sosial obyektlər inşa edilir. İnsanların öz doğma torpaqlarına qayıtması üçün bütün imkanlar səfərbər olunur. Belə bir şəraitdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri mühüm əhəmiyyət daşıyır. Xarici diplomatların həmin ərazilərə səfər etməsi onlara bölgədə gedən real prosesləri yerində görmək, dağıntıların miqyasını və aparılan bərpa işlərini yaxından müşahidə etmək imkanı yaradır. Təəssüf doğuran məqam isə bu səfərlərə Ermənistan cəmiyyətinin müəyyən dairələri tərəfindən mənfi və aqressiv münasibət göstərilməsidir. Halbuki diplomatik nümayəndələrin müstəqil dövlətin ərazisinə səfər etməsi tamamilə normal haldır. Diplomatik korpus nümayəndələri müxtəlif ölkələrə səfərlər edir, həmin ölkələrdə baş verən proseslərlə tanış olur və öz müşahidələrini aidiyyəti dövlət və beynəlxalq qurumlarla bölüşürlər.
Azərbaycan öz ərazisində aparılan bərpa və quruculuq işlərini beynəlxalq ictimaiyyətə açıq şəkildə təqdim edir. Qarabağ və Şərqi Zəngəzura səfərlər də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Xarici diplomatların bölgəyə getməsi, burada aparılan işlərlə tanış olması heç bir dövlətə qarşı yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda gözlə görünən böyük dəyişikliklər baş verir. Vaxtilə dağıdılmış yaşayış məntəqələrinin yerində müasir şəhərlər və kəndlər salınır. İnsanların rahat və təhlükəsiz yaşaması üçün yeni infrastruktur yaradılır.
Azərbaycan dövlətinin əsas məqsədlərindən biri keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etməkdir. Artıq müxtəlif yaşayış məntəqələrinə ailələrin köçürülməsi həyata keçirilir. İnsanlar illərlə həsrətində olduqları evlərinə qayıdır, doğma torpaqlarında yeni həyata başlayırlar.
Bu proses sadəcə tikinti işlərindən ibarət deyil. Burada bütöv bir həyatın yenidən qurulmasından söhbət gedir. Məktəblər, uşaq bağçaları, tibb müəssisələri, inzibati binalar, yollar, elektrik və su xətləri yaradılır. Məqsəd insanların normal yaşayışı üçün bütün şəraiti təmin etməkdir. Diplomatik korpus nümayəndələrinin səfərləri zamanı məhz bu prosesləri yerində görməsi Azərbaycanın apardığı işlərin daha düzgün qiymətləndirilməsi baxımından vacibdir. Ermənistan cəmiyyətində müəyyən qrupların Azərbaycan ərazilərinə diplomatik səfərlərə etiraz etməsi, ilk növbədə, bölgədə baş verən yeni reallıqları qəbul etmək istəməməsi ilə bağlıdır. Lakin reallıq bundan ibarətdir ki, regionda yeni mərhələ başlayıb.
Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

























