image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-9de63e15d29aa0f2366e5841ab00b2b5

Sülh masasında Azərbaycanın şərti: Tarix silinməməlidir

image-legitimaz-810x90

“Cənab Prezident sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının nümayəndələri ilə görüşü zamanı çox mühüm siyasi və mənəvi yöndə mesajlar verdi. Dövlət başçısı çıxışında Azərbaycanın dünya sivilizasiyasına verdiyi töhfələr, zəngin milli-mədəni irsi, Türk dünyasındakı yeri və İslam həmrəyliyinə verdiyi önəm xüsusi olaraq qabartdı”.

Bu fikirləri Xeberaz.info-a Milli Məclisin deputatı Azər Badamov deyib.

0VWUBDjNcDU9J1Z41kr3sRUCe1uI0VyaEYgAIVzo_1200.jpg (143 KB)

O bildirib ki, Azərbaycan bu gün də Türk dünyasının birliyinin gücləndirilməsinə, Cənubi Qafqazda sülh və əməkdaşlığın inkişafına, İslam dünyasında həmrəyliyin möhkəmlənməsinə töhfə verməyə çalışır:

“Lakin bütün bunlarla yanaşı, beynəlxalq münasibətlərdə ikili standartlar məsələsi də diqqətdən kənarda qala bilməz. Azərbaycan 30 ilə yaxın işğal dövründə ərazi bütövlüyünün pozulması, yüz minlərlə insanın doğma yurdlarından didərgin düşməsi və yaşayış məntəqələrinin dağıdılması ilə üzləşdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılması tələb olunsa da, həmin qərarların icrası uzun illər təmin edilmədi. Bu gün Azərbaycanın ortaya qoyduğu sual çox sadədir: əgər beynəlxalq hüquq universal prinsipdirsə, niyə müxtəlif dövlətlərə münasibətdə fərqli yanaşmalar tətbiq olunur? Ukrayna müharibəsindən sonra Qərbin Rusiyaya qarşı genişmiqyaslı sanksiyaları fonunda bu sual Azərbaycan üçün daha da aktuallaşıb. Əlbəttə, müxtəlif münaqişələrin tarixi və siyasi şərtləri fərqlidir. Amma söhbət münaqişələrin eyniliyindən deyil, beynəlxalq hüququn prinsiplərinin eyni meyarla tətbiq olunmasından gedir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, ərazi bütövlüyü və suverenlik bütün dövlətlər üçün eyni dəyər olmalıdır”.

badam.jpeg (279 KB)

Milli Məclis təmsilçisi onu da diqqətə çatdırıb ki, Azərbaycan İslam həmrəyliyini yalnız bəyanatlarla deyil, praktiki addımlarla möhkəmləndirməyə çalışır:

“Bu baxımdan TDT çərçivəsində fəaliyyət, İslam Əməkdaşlıq Təşkilatı və ICESCO ilə əməkdaşlıq, beynəlxalq tədbirlərə ev sahibliyi və 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun nümunələridir. İslam dünyası qarşılaşdığı problemlər qarşısında daha koordinasiyalı fəaliyyət göstərməli, beynəlxalq təşkilatlarda və qlobal məsələlərdə ortaq mövqelərin formalaşdırılmasına çalışmalıdır. Ermənistan 30 illik işğal dövründə Qarabağ və ətraf ərazilərdə çoxsaylı məscid və digər dini-mədəni abidələr dağıdıb və təhqir edib. Bu faktlar yalnız Azərbaycanın milli irs məsələsi deyil. Bu, İslam dünyasının mədəni irsinə qarşı münasibət kontekstində qəbuledilməz məsələdir. Azərbaycanın mesajı aydındır: tarixi yaddaşı qorumaq düşmənçiliyi davam etdirmək deyil. Keçmişin faciələrini xatırlamaq onların bir daha təkrarlanmaması üçün vacibdir”.

Azər Badamov qeyd edib ki, bu gün Azərbaycan sülhü, regionda sabitliyi və əməkdaşlığı dəstəklədiyini bildirir, amma sülhün tarixi yaddaşın silinməsi hesabına qurulmasını qəbul etmir:

“Azərbaycanın beynəlxalq siyasəti Türk dünyasının birliyi, İslam həmrəyliyi, regional sülh və dövlət suverenliyi prinsipləri üzərində qurulub. Beynəlxalq hüquq hamı üçün eyni işləməlidir. Həmrəylik söz olaraq qalmamalı, sülh isə tarixi yaddaşın silinməsi hesabına qurulmamalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki