Tarixi həqiqətə qarşı revanşizm- saxtalaşdırma və etnik ayrı-seçkilik yanaşması
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri regionda yaranmış yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən yerində müşahidə olunması baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatların Gəncəsər və Xudavəng monastır komplekslərinə səfəri, həmin abidələrin tarixi və memarlıq xüsusiyyətləri ilə tanış olmaları bir daha göstərdi ki, Qarabağın tarixi və mədəni irsi ilə bağlı məsələlərə emosional və siyasi yanaşmadan deyil, faktlara əsaslanan obyektiv münasibətdən yanaşmaq lazımdır.
Təəssüf doğuran məqam isə bu səfərin Ermənistanın bəzi revanşist dairələri tərəfindən narahatlıq və etirazla qarşılanmasıdır. Əslində, Azərbaycan ərazisində diplomatik nümayəndələrin tarixi-mədəni abidələrlə tanış olmasından narahatlıq duyulması həmin qüvvələrin problemi abidələrin özündə deyil, onların hansı siyasi narrativ çərçivəsində təqdim olunmasında gördüklərini nümayiş etdirir.
Bu məsələdə ən ciddi ziddiyyət tarixi irsə münasibətdə tətbiq olunan ikili standartdır. Ermənistan tərəfi Gəncəsər və Xudavəng kimi abidələri yalnız erməni kimliyi ilə əlaqələndirməyə çalışır və bunun üzərindən müəyyən siyasi iddialar formalaşdırır. Lakin eyni yanaşmanın Ermənistanın öz ərazisində mövcud olmuş Azərbaycan və müsəlman irsinə münasibətdə tətbiq edilməsini görmək mümkün deyil. Burada təbii olaraq sual yaranır: əgər tarixi ərazidə yaşamış xalqın mədəni irsi həmin xalqın tarixinin ayrılmaz hissəsidirsə, bu prinsip niyə yalnız bir tərəf üçün keçərli olmalıdır? Bir xalqın müəyyən ərazidə yaşamasını sübut edən abidə, yaşayış məntəqəsi, qəbiristanlıq, dini tikili və digər mədəni izlər qəbul edilir, digər xalqın eyni coğrafiyada mövcudluğunu təsdiqləyən izlər isə görməzdən gəlinirsə, burada artıq elmi tarixçilikdən deyil, siyasi məqsədlə formalaşdırılmış yanaşmadan söhbət gedir. Daha təhlükəli məqam isə bu yanaşmanın zaman-zaman etnik müstəviyə keçirilməsidir. Belə təsəvvür yaradılır ki, Azərbaycan ərazisində tarixən yalnız ermənilərin mədəni izləri mövcud ola bilər, lakin müasir Ermənistan ərazisində azərbaycanlıların əsrlər boyu yaşaması, onların yaratdığı yaşayış məntəqələri və mədəni irs nümunələri guya tarixin bir hissəsi deyil. Bu, sadəcə tarixi faktların seçilməsi məsələsi deyil. Bu cür düşüncə müəyyən xalqın tarixi mövcudluğunu digər xalqınkından üstün tutan, onun izlərini isə silinməli və ya əhəmiyyətsiz hesab edən ayrı-seçkilikçi yanaşmanı ortaya qoyur.
Əslində, mədəni irsin qorunması etnik rəqabət predmetinə çevrilməməlidir. Gəncəsər və Xudavəngin tarixinin araşdırılması Azərbaycan üçün həmin abidələrin əhəmiyyətini azaltmır. Əksinə, hər bir abidənin tarixinin olduğu kimi öyrənilməsi, müxtəlif dövrlərin və mədəni təsirlərin nəzərə alınması elmi yanaşmanın göstəricisidir. Tarixi irsə sahib çıxmağın ən doğru yolu onu siyasi məqsədlərə uyğun dəyişdirmək deyil, həqiqəti bütün mürəkkəbliyi ilə qorumaqdır.
Bu gün Cənubi Qafqazda sülh və sabitlikdən danışılır. Lakin davamlı sülh yalnız gələcək haqqında razılaşmalarla deyil, keçmişə münasibətdə də obyektivliklə mümkündür. Keçmişi saxtalaşdırmaq, bir xalqın tarixini digər xalqın tarixindən üstün göstərmək, mədəni irsi siyasi iddiaların alətinə çevirmək qarşılıqlı etimadı möhkəmləndirmir, əksinə, yeni qarşıdurmalar üçün zəmin yaradır. Tarixi həqiqət kiminsə siyasi marağına uyğun dəyişdirilməməli, mədəni irs etnik mənsubiyyət əsasında bölünməməli və tarix revanşizmin ideoloji alətinə çevrilməməlidir. Əks halda, tarixə edilən hər müdaxilə yalnız keçmişi deyil, gələcək nəsillərin sülhə olan inamını da zədələyir.
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc





















