Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir.
Bəzən bir səfərə verilən reaksiya həmin ölkədə hansı düşüncələrin üstünlük təşkil etdiyini aydın göstərir. Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə bəzi erməni dairələrinin göstərdiyi münasibət də belə nümunələrdəndir. Xarici diplomatların Azərbaycanın bu bölgələrində gedən bərpa və quruculuq işləri ilə tanış olmasına qarşı çıxılması Ermənistanda revanşist düşüncələrin hələ də ciddi şəkildə qorunduğunu göstərir. Diplomatik nümayəndələrin Qarabağ və Şərqi Zəngəzura səfəri bölgədəki real vəziyyətlə tanışlıq baxımından mühüm əhəmiyyət daşıyır. Diplomatlar işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işlərini, yeni yaşayış məntəqələrini və yaradılan infrastrukturu yerində görmək imkanı əldə edirlər. Lakin erməni revanşist qüvvələri bu səfərə fərqli münasibət göstərirlər. Onlar Azərbaycanın həyata keçirdiyi quruculuq siyasətini qəbul etmək istəmir, xarici diplomatların bölgəyə səfərini də müxtəlif bəhanələrlə tənqid edirlər. Bu reaksiyalar təsadüfi deyil. Çünki revanşist dairələr Qarabağla bağlı köhnə iddialardan əl çəkmək istəmirlər. Daha diqqətçəkən məqam isə Ermənistan hakimiyyətinin bu qüvvələrin fəaliyyətinə münasibətidir. Hakimiyyət nümayəndələri sülh və normallaşma haqqında danışsalar da, revanşist mövqelərin qarşısının alınması istiqamətində prinsipial mövqe ortaya qoyulmadığı hallarda cəmiyyətdə haqlı suallar yaranır. Belə vəziyyət hakimiyyətin revanşist qüvvələrə münasibətinin nə qədər ardıcıl və səmimi olması məsələsini gündəmə gətirir. Əgər Ermənistan doğrudan da regionda sülh istəyirsə, ilk növbədə revanşist çağırışlara aydın münasibət bildirməlidir. Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməli, keçmiş münaqişənin yenidən alovlandırılmasına xidmət edən fikirlərdən uzaq durulmalıdır.
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri Azərbaycanın öz ərazisində həyata keçirdiyi fəaliyyətlə tanışlıq məqsədi daşıyır. Xarici nümayəndələrin bölgəyə səfər etməsi normal diplomatik prosesdir. Buna görə də həmin səfərin etirazla qarşılanması və diplomatlara təzyiq göstərilməsi çağırışlarının səsləndirilməsi sağlam siyasi yanaşma hesab edilə bilməz.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bu gün böyük quruculuq işləri aparılır. Şəhər və kəndlər yenidən salınır, yollar çəkilir, məktəblər və digər sosial obyektlər tikilir. Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün şərait yaradılır. Bu proseslərin xarici diplomatlar tərəfindən yerində müşahidə olunması Azərbaycanın gördüyü işlər barədə daha obyektiv təsəvvür yaradır.Bu baxımdan Ermənistan hakimiyyətinin mövqeyi xüsusi əhəmiyyət daşıyır. Hakimiyyət sülh prosesinə həqiqətən töhfə vermək istəyirsə, revanşist qüvvələrin fəaliyyətinə göz yummamalı, cəmiyyətdə düşmənçilik yaradan çağırışlara qarşı aydın mövqe nümayiş etdirməlidir.
Diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə verilən reaksiyalar bir daha göstərir ki, Ermənistan daxilində keçmiş münaqişənin təsirindən tam qurtulmamış siyasi qüvvələr var. Bu qüvvələrin mövqeyi regionda sülh və sabitliyin qarşısında maneəyə çevrilməməlidir. Ermənistan hakimiyyətinin əsas vəzifəsi isə revanşist düşüncələri deyil, sülh və normal qonşuluq münasibətlərini dəstəkləmək olmalıdır.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Aliyə Rüstəmova

























