Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı
15 sentyabr 2026-cı ildə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Seyid Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə dövlət başçısı Qarabağ məsələsinin yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi kontekstində deyil, həm də uzun illər ərzində beynəlxalq hüquq normalarının icra edilməməsi və ədalətsizliyin aradan qaldırılması kontekstində qiymətləndirilməli olduğunu vurğulayıb. Prezidentin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin beynəlxalq münasibətlər baxımından yaratdığı presedentlə bağlı fikirləridir. İlham Əliyev qeyd edib ki, “Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı”. Bu fikir 30 il ərzində davam etmiş işğalın nəticələrinin və həmin dövrdə qəbul olunmuş beynəlxalq sənədlərin icra olunmamasının fonunda səsləndirilib. Qarabağ münaqişəsi çərçivəsində Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması nəticəsində böyük humanitar və sosial fəsadlar yaranmışdı. Prezidentin çıxışında bildirildiyinə görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində şəhər və kəndlər dağıdılmış, etnik təmizləmə aparılmış, bir milyona yaxın azərbaycanlı öz doğma torpaqlarından didərgin salınmışdı. Dövlət başçısı həmçinin 30 il davam edən danışıqlar prosesinin nəticə vermədiyini vurğulayıb. Bu kontekstdə mühüm hüquqi fakt ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı dörd qətnamə qəbul etmişdi. Prezident İlham Əliyev çıxışında məhz bu qətnamələrin icra edilməməsini uzun illər mövcud olmuş beynəlxalq ədalətsizliyin göstəricilərindən biri kimi təqdim edib. Onun sözlərinə görə, Azərbaycan tərəfi beynəlxalq təşkilatlardan hərbi müdaxilə deyil, siyasi qərar və işğal faktına siyasi qiymət verilməsini tələb edirdi. Prezidentin çıxışının digər mühüm hissəsi Azərbaycanın 44 günlük Vətən müharibəsi və sonrakı proseslər nəticəsində ərazi bütövlüyünün bərpası ilə bağlıdır. Dövlət başçısı Azərbaycanın bunu hərbi-siyasi mübarizə nəticəsində həyata keçirdiyini, şəhidlərin və hərbçilərin fədakarlığı hesabına ərazi bütövlüyünün və milli ləyaqətin bərpa edildiyini bildirib. Onun ifadəsinə görə, Azərbaycan bayrağı Qarabağın və Şərqi Zəngəzurun müxtəlif guşələrində qaldırılıb və separatçı strukturların fəaliyyətinə son qoyulub. Prezident Qarabağda dağıntıların miqyasına da toxunaraq 30 ildən sonra azad edilmiş ərazilərdə dağıdılmış şəhər və kəndlərin, sökülmüş evlərin, talan edilmiş milli sərvətlərin və dağıdılmış dini abidələrin aşkarlandığını bildirib. Çıxışda 65 məscidin tamamilə dağıdıldığı qeyd olunub. Bu məqamın məhz müsəlman dini liderlərinin qarşısında səsləndirilməsi görüşün dini və mənəvi aspektini daha da ön plana çıxarıb. Görüşün keçirildiyi siyasi-dini platforma da xüsusi əhəmiyyət daşıyırdı. Tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın müsəlman dini idarələrinin rəhbərləri, eləcə də müxtəlif beynəlxalq və regional dini qurumların nümayəndələri iştirak edirdilər. Bu heyətin Bakıda toplanması Qarabağ məsələsinin türk və müsəlman dünyasının dini-sosial platformalarında da müzakirə edildiyini göstərən fakt kimi çıxış edir. Prezident çıxışında Azərbaycanın yaşadığı təcrübədən daha geniş nəticə çıxararaq türk dünyasının, Qafqazın və İslam aləminin həmrəyliyinin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, ayrı-ayrılıqda dövlətlərin qarşılaşdığı çətinliklərə nisbətən, türk dünyası, Qafqaz və İslam aləminin birlik nümayiş etdirməsi onların mövqelərini gücləndirə bilər. Bu yanaşma görüşün yalnız Qarabağ məsələsinə həsr olunmadığını, eyni zamanda dini liderlər arasında əməkdaşlıq və həmrəyliyin inkişaf etdirilməsi məqsədi daşıdığını göstərir. Çıxışın mühüm məqamlarından biri də Azərbaycanın Qarabağ məsələsində ədalət tələbini uzun illər beynəlxalq platformalarda gündəmdə saxlaması ilə bağlıdır. İlham Əliyev 2001-ci ildə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına üzv olmasından sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi işğal məsələsini qaldırdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan həmin dövrdə digər dövlətlərdən hərbi müdaxilə deyil, siyasi qərar qəbul etməyi və işğal faktına siyasi qiymət verməyi tələb edirdi. Beləliklə, Prezidentin 15 sentyabr 2026-cı il tarixli çıxışında “Azərbaycan xalqı ədalətsizliyə son qoydu və dünyada bir presedent yaratdı” fikri Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı rəsmi siyasi mövqeyinin əsas tezislərindən biri kimi təqdim olunub. Bu tezisin mahiyyəti ondan ibarətdir ki, uzun müddət davam edən işğal və nəticəsiz danışıqlar fonunda Azərbaycan öz ərazi bütövlüyünün və suverenliyinin bərpasını hərbi-siyasi vasitələrlə təmin etdiyini bildirir. Prezident bu prosesi həm milli hüququn, həm də beynəlxalq hüquq prinsiplərinin bərpası kimi xarakterizə edib. Bu baxımdan çıxışda Qarabağın azad edilməsi yalnız hərbi nəticə kimi deyil, ərazi bütövlüyü, suverenlik, beynəlxalq hüquq, ədalət, milli ləyaqət və dini-mədəni irsin bərpasını özündə birləşdirən kompleks proses kimi təqdim olunur. Eyni zamanda, Bakıda türk və müsəlman dini liderlərinin iştirakı ilə bu mövzunun gündəmə gətirilməsi Azərbaycanın Qarabağla bağlı mövqeyinin beynəlxalq və regional dini-mədəni platformalarda çatdırılması baxımından da əhəmiyyətli məqam kimi qiymətləndirilə bilər.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı İmanova Xanım


























