image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

image-legitimaz-810x90

Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir.

Azərbaycan son illərdə siyasi, iqtisadi və hərbi sahələrdə mühüm uğurlar əldə edib. Bu uğurlar ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsinə və Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkəmizin beynəlxalq nüfuzundan və həyata keçirdiyi müstəqil siyasətdən geniş danışıb. Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir sıra tanınmış ekspert və təhlilçilər də Azərbaycanı artıq orta güc dövləti kimi qiymətləndirirlər. Bunun əsas səbəblərindən biri ölkəmizin iqtisadi müstəqilliyini təmin etməsi və öz taleyini özü müəyyənləşdirməsidir.

Azərbaycanın xarici siyasətinin əsas xüsusiyyətlərindən biri müstəqil və milli maraqlara əsaslanan siyasət yürütməsidir. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında əlaqələr qurur. Azərbaycan eyni zamanda müxtəlif beynəlxalq platformalarda fəal iştirak edir və öz mövqeyini açıq şəkildə ifadə edir. Prezident İlham Əliyev çıxışında Azərbaycanın bir çox ölkələrlə geniş və çoxşaxəli əlaqələr yaratdığını vurğulayıb. Ölkəmizin müxtəlif dövlətlərlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Çin və Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlıq münasibətlərinin qurulması da Azərbaycanın beynəlxalq əlaqələrinin genişliyini göstərən mühüm nümunələrdəndir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasında onun etibarlı tərəfdaş kimi tanınması da mühüm rol oynayır. Ölkəmiz verdiyi sözə və imzaladığı sənədlərə sadiq qalması ilə tərəfdaşları arasında etimad qazanıb. Bu etimad müxtəlif beynəlxalq tədbirlərin və görüşlərin Azərbaycanda keçirilməsində də özünü göstərir.

Azərbaycanın beynəlxalq müstəvidə qazandığı hörmətin əsasını ölkənin müstəqil siyasəti, iqtisadi gücü, təhlükəsizliyi və milli maraqlarını qorumaq bacarığı təşkil edir. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlərdən də göründüyü kimi, Azərbaycan bundan sonra da öz xarici siyasətini milli maraqlar əsasında davam etdirmək niyyətindədir.

Bu gün Azərbaycan regionda və beynəlxalq aləmdə öz sözünü deyən, müxtəlif dövlətlərlə əməkdaşlıq edən və müstəqil siyasət yürüdən ölkə kimi çıxış edir. Ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri də əldə olunmuş mövqeyi qorumaq, beynəlxalq əlaqələri daha da genişləndirmək və Azərbaycanın iqtisadi və siyasi imkanlarından xalqın rifahı naminə səmərəli istifadə etməkdir.

 

 

Zərdab rayon Dəkkəoba kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Səlim Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki