Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
Sosial siyasətin əsas məqsədlərindən biri əhalinin rifah səviyyəsinin davamlı şəkildə yüksəldilməsini təmin etməkdir. Bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da ardıcıl xarakter daşıyacaqdır. Artıq müvafiq göstəriş verilmişdir və gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması nəzərdə tutulur. Bu qərar sosial müdafiənin gücləndirilməsi və əhalinin gəlirlərinin artırılması istiqamətində atılan növbəti mühüm addım olacaqdır. Azərbaycan dövlətinin sosial siyasəti təsadüfi və epizodik tədbirlərlə məhdudlaşmır. Əsas məqsəd hər il vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, onların gəlirlərinin artırılması və layiqli həyat şəraitinin təmin edilməsidir. Bununla belə, sosial öhdəliklərin davamlı şəkildə genişləndirilməsi üçün möhkəm iqtisadi baza tələb olunur. Məhz buna görə sosial inkişafla iqtisadi inkişaf arasında qarşılıqlı əlaqə dövlət siyasətinin əsas prinsiplərindən biridir.
Ümumi daxili məhsulun artım göstəriciləri hazırda yüksək rəqəmlərlə ifadə olunmasa da, Azərbaycanın ümumi iqtisadi potensialı kifayət qədər güclüdür. Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və yeni layihələrin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan, xarici investisiyaların cəlb edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki dayanıqlı iqtisadi inkişaf yalnız dövlət investisiyaları hesabına təmin edilə bilməz. İnvestisiya axınının yüksək səviyyədə olması, eyni zamanda, Azərbaycanın iqtisadiyyatına olan inamı nümayiş etdirir. Sentyabrın sonunda keçirilmiş İkinci İnvestisiya Forumunda dünyanın aparıcı investisiya qurumlarının rəhbərləri iştirak etmişdir. Bu qurumların idarəetməsində olan maliyyə vəsaitlərinin ümumi həcmi 30 trilyon dollardan çoxdur. Belə yüksək səviyyəli investorların Azərbaycanla əməkdaşlığa maraq göstərməsi ölkəmizin beynəlxalq investisiya məkanında artan nüfuzunun mühüm göstəricisidir. Bu, həmçinin həmin qurumların Azərbaycanla mövcud əməkdaşlığı davam etdirmək və yeni layihələr həyata keçirmək niyyətini nümayiş etdirir.
Maliyyə sabitliyinin mühüm göstəricilərindən biri də xarici borcun səviyyəsidir. Azərbaycan uzun illər ərzində xarici borcunu mərhələli şəkildə azaltmaq siyasəti həyata keçirmişdir. Vaxtilə qarşıya qoyulmuş məqsəd xarici borcun ümumi daxili məhsula nisbətinin 10 faizə endirilməsi idi. Hazırda isə bu göstərici 5,6 faiz təşkil edir. Bu, dünya miqyasında ən aşağı göstəricilərdən biridir. Müqayisə üçün qeyd etmək olar ki, inkişaf etmiş ölkələrin bir çoxunda xarici borcun ümumi daxili məhsula nisbəti 100, 110, hətta 120 faiz səviyyəsindədir. Bu baxımdan, iqtisadi sabitlik və maliyyə dayanıqlılığı Azərbaycanın mühüm uğur amillərindən biridir. Ölkəmiz böyük həcmdə vəsait tələb edən istiqamətlər üzrə xərcləri davam etdirir. Ordu quruculuğu, müdafiə və təhlükəsizlik, dövlət sərhədlərinin mühafizəsi, işğaldan azad edilmiş ərazilərin bərpası və digər strateji layihələr əhəmiyyətli maliyyə resursları tələb edir. Buna baxmayaraq, Azərbaycanın valyuta ehtiyatları ildən-ilə artır.
Azərbaycanda sosial öhdəliklərin artırılması üçün zəruri iqtisadi və maliyyə imkanları mövcuddur. Gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin yüksəldilməsi əhalinin rifahının daha da yaxşılaşdırılmasına xidmət edəcəkdir. Eyni zamanda, investisiya layihələrinin genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və maliyyə sabitliyinin qorunması gələcəkdə sosial siyasətin daha da gücləndirilməsi üçün möhkəm zəmin yaradacaqdır.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri





















