image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-nl0frneih2odml9imm0givdid5qndqflmb1jhlfp_1200

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni siyasi mərhələnin göstəricisidir

image-legitimaz-810x90

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı yeni siyasi mərhələnin göstəricisidir

 

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi tarixə düşdü. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkəmizin son illərdə keçdiyi inkişaf yoluna, əldə etdiyi tarixi nailiyyətlərə və qarşıda duran əsas hədəflərə dair mühüm mesajlarla yadda qaldı.

Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Müxalifət partiyası kimi fəaliyyətə başlayan YAP artıq 30 ildən çoxdur ki, ölkəmizin siyasi həyatında aparıcı qüvvədir. Partiyanın keçdiyi yol Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, siyasi sabitliyin qorunması və ölkənin davamlı inkişafı ilə sıx bağlıdır. Bu gün YAP yalnız Azərbaycanın deyil, Cənubi Qafqazın ən böyük siyasi təşkilatlarından biri kimi öz fəaliyyətini davam etdirir.

Prezident İlham Əliyevin qurultaydakı çıxışında xüsusi diqqət çəkən məsələlərdən biri VIII Qurultayın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi oldu. Bu amil qurultayın tarixi əhəmiyyətini daha da artırır. Çünki Azərbaycan artıq yeni ictimai-siyasi və geosiyasi reallıqların formalaşdığı bir mərhələyə qədəm qoyub.

2020-ci ildə əldə edilmiş tarixi Zəfər Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm dönüş nöqtəsi oldu. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın böyük hissəsini azad etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da uzun illər davam edən işğal və separatizmə son qoyuldu, regionda yeni reallıqlar yarandı.

Bu nailiyyətlərin əldə olunması heç də asan başa gəlməmişdir. Azərbaycan uzun illər ərzində müxtəlif təzyiqlərlə, qərəzli yanaşmalarla, yalan və iftira xarakterli kampaniyalarla üzləşmişdir. Ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycanın milli maraqlarının müdafiəsi və həqiqətlərin dünya ictimaiyyətinə təqdim olunması istiqamətində ardıcıl siyasət həyata keçirilmişdir. Bütün bunlar dövlətimizin siyasi iradəsinin və müstəqil siyasət yürütmək əzminin göstəricisidir.

Bu gün Azərbaycan artıq yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə kimi deyil, həm də regionda yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verən dövlət kimi çıxış edir. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm də qarşıdakı dövr üçün siyasi kursun davamlılığını nümayiş etdirir. Ölkəmizin əldə etdiyi uğurların qorunması, iqtisadi inkişafın sürətləndirilməsi, sosial rifahın yüksəldilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin daha da gücləndirilməsi qarşıda duran əsas vəzifələr sırasındadır.

Prezident İlham Əliyevin qurultaydakı çıxışından aydın görünür ki, Azərbaycanın qarşısında yeni imkanlarla yanaşı, yeni çağırışlar da mövcuddur. Əsas məqsəd əldə olunmuş tarixi nailiyyətləri qorumaq, dövlət müstəqilliyini daha da möhkəmləndirmək və Azərbaycanın inkişafını davamlı şəkildə təmin etməkdir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı təkcə siyasi partiyanın növbəti qurultayı deyil, həm də Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoymasının mühüm göstəricisidir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda keçirilən bu qurultay Azərbaycanın gələcəyə inamla baxdığını, qarşıya qoyulan məqsədlərin ardıcıl və qətiyyətlə həyata keçirildiyini bir daha nümayiş etdirir.

 

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki