Zəfərə aparan yol- milli birlik və dövlətçilik iradəsi
Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması uzun illər davam edən məqsədyönlü siyasətin məntiqi nəticəsi idi. Bu uğur bir gündə əldə edilmədi. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra da qarşıya qoyduğu əsas məqsəddən – ölkənin ərazi bütövlüyünün tam bərpasından – bir an belə uzaqlaşmadı.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan həm siyasi-diplomatik, həm də hərbi istiqamətdə ardıcıl fəaliyyət göstərdi. Beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı aparılan qərəzli kampaniyaların qarşısının alınması və beynəlxalq ictimaiyyətin real vəziyyət barədə məlumatlandırılması mühüm istiqamətlərdən biri oldu. Eyni zamanda, Qarabağda Azərbaycan Ordusunun mövqeləri gücləndirildi və ərazidə bir sıra uğurlu hərbi əməliyyatlar həyata keçirildi.
Bu proseslərin əsas məqsədi mümkün qədər az itki ilə ölkəmizin ərazi bütövlüyünü tam təmin etmək idi. 2023-cü ilin sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyəti dayandırıldı və Azərbaycanın dövlət suverenliyi bütün ərazidə təmin edildi.
Azərbaycanın bu tarixi uğurunda siyasi iradə ilə yanaşı, milli birlik də mühüm rol oynadı. Xalqımız dövlətimizin ətrafında sıx birləşərək Vətən müharibəsi və sonrakı proseslər zamanı vahid mövqe nümayiş etdirdi. Bu birlik Azərbaycan dövlətinin qarşısında duran tarixi vəzifələrin həyata keçirilməsində əsas amillərdən biri oldu.
Azərbaycanın bugünkü Zəfərinin kökləri isə daha əvvələ gedib çıxır. Yeni Azərbaycan Partiyasının 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilmiş təsis qurultayı ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində mühüm hadisə idi. Həmin dövrdə Azərbaycan ciddi siyasi və iqtisadi böhranla üz-üzə qalmış, idarəetmədə yaranmış problemlər dövlətçiliyə ciddi təhlükələr yaratmışdı. Cəmiyyətin dövlətin gələcəyini düşünən qabaqcıl insanları Ulu Öndər Heydər Əliyevin ətrafında birləşərək ölkənin xilasına və inkişafına xidmət edən yeni siyasi qüvvənin əsasını qoydular.
1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi əsas problemlərdən biri də torpaqlarımızın işğalı idi. 1992-ci ildə Şuşa və Laçının işğal olunması, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı vəziyyəti daha da ağırlaşdırdı. Kəlbəcərin işğalı Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqənin yaranmasına imkan verdi və nəticədə Ermənistan tərəfindən bölgəyə daha çox canlı qüvvə, silah-sursat və hərbi texnika gətirilməsi asanlaşdı.
Həmin illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik və idarəetmədəki ciddi problemlər torpaqlarımızın müdafiəsinə mənfi təsir göstərirdi. Dövlətin vahid siyasətinin və güclü idarəetmənin olmaması işğal prosesinin genişlənməsinə şərait yaratdı. Belə bir mürəkkəb vəziyyətdə xalqın sabitlik və güclü dövlət idarəçiliyinə ehtiyacı daha aydın görünürdü.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, siyasi sabitliyin təmin edilməsi və ordu quruculuğunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sonrakı illərdə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın iqtisadi və hərbi potensialını artırdı və gələcək Zəfər üçün möhkəm zəmin yaratdı.
Azərbaycanın bugünkü qələbəsi uzun illər ərzində görülən işlərin, xalq-dövlət birliyinin, güclü ordu quruculuğunun və ardıcıl dövlət siyasətinin nəticəsidir. 2020-ci ildə başlayan Zəfər yolu 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə mühüm tarixi nəticəyə çatdı. Bu yol göstərdi ki, milli birlik, dövlətçilik iradəsi və məqsədyönlü siyasət ən mürəkkəb problemlərin həllinə imkan verir. Azərbaycanın əldə etdiyi Zəfərlər gələcək nəsillər üçün həm böyük qürur mənbəyi, həm də dövlət müstəqilliyinin qorunmasının mühüm nümunəsidir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri























