Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır.
Müasir dünyada təhlükəsizlik mühiti sürətlə dəyişir, geosiyasi proseslər yeni reallıqlar yaradır. Belə bir şəraitdə hər bir dövlət üçün milli təhlükəsizliyin etibarlı təmin olunması, müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanılması və qarşıya çıxa biləcək çağırışlara hazır olmaq mühüm əhəmiyyət daşıyır. Azərbaycan da bu reallıqları nəzərə alaraq dövlət təhlükəsizliyinin möhkəmləndirilməsini strateji prioritetlər sırasında saxlayır. Cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı bu baxımdan mühüm siyasi mesajlarla zəngindir.
Azərbaycanın son illərdə qazandığı tarixi Zəfər ölkənin hərbi potensialının, siyasi iradəsinin və milli həmrəyliyinin mühüm göstəricisi oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpası ilə Azərbaycan öz tarixinin ən mühüm səhifələrindən birini yazdı. Lakin əldə edilmiş Zəfər qarşıya yeni vəzifələrin qoyulmasını da şərtləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, dəyişən dünya reallıqları daim ayıq-sayıq olmağı, dövlətin müdafiə imkanlarının daha da gücləndirilməsini və milli təhlükəsizliyin etibarlı təmin edilməsini tələb edir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı qarşıda duran strateji vəzifələrdən danışarkən hərbi gücün artırılmasını xüsusi qeyd edib. Cənab Prezident İlham Əliyev deyib: “Bu gün qarşıda duran vəzifələrlə bağlı bəzi fikirlərimi bölüşmək istərdim. Çünki mən görüləcək işlərlə bağlı vaxtaşırı açıqlamalar verirəm, müsahibələrdə və çıxışlarımda da. Hesab edirəm ki, dünyada vəziyyət o qədər tez dəyişir ki, buna bu gün də ehtiyac var. İlk növbədə, əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır. Sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub”.
Hərbi gücün artırılması, ilk növbədə, dövlətin öz təhlükəsizliyini təmin etmək imkanlarının genişləndirilməsi deməkdir. Güclü ordu və yüksək müdafiə qabiliyyəti Azərbaycanın müstəqil siyasət yürütməsi, milli maraqlarını qoruması və regionda sabitliyə töhfə verməsi baxımından mühüm amillərdəndir.
Azərbaycanın hərbi qüdrətinin möhkəmləndirilməsi uzunmüddətli və ardıcıl dövlət siyasətinin tərkib hissəsidir. Müasir silah sistemləri və texnologiyalar, peşəkar hərbi kadrların hazırlanması, müdafiə sənayesinin inkişafı və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi bu siyasətin mühüm istiqamətlərini təşkil edir. Dövlət başçısının çıxışında hərbi və təhlükəsizlik məsələlərinin qarşıdakı dövr üçün də prioritet olaraq qalacağı vurğulanıb.
Mühüm məqam ondan ibarətdir ki, hərbi gücün artırılması Azərbaycanın digər inkişaf istiqamətləri ilə paralel həyata keçirilir. Qarabağın və Şərqi Zəngəzurun bərpası, sosial rifahın yüksəldilməsi, iqtisadi inkişafın davam etdirilməsi və yeni infrastruktur layihələrinin reallaşdırılması da dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu yanaşma təhlükəsizliklə inkişafın bir-birini tamamlayan strateji istiqamətlər olduğunu nümayiş etdirir.
Azərbaycanın Zəfəri bir daha göstərdi ki, güclü dövlət üçün siyasi iradə ilə yanaşı, güclü ordu və möhkəm iqtisadi baza da vacibdir. Bu gün əsas məsələ əldə olunan nailiyyətləri qorumaq və dövlətin müdafiə imkanlarını daha da təkmilləşdirməkdir. Çünki dünyada baş verən proseslər təhlükəsizlik məsələlərinin daim diqqət mərkəzində saxlanılmasını zəruri edir.
Prezident İlham Əliyevin qurultaydakı çıxışı qarşıdakı dövrün prioritetlərini müəyyənləşdirən mühüm siyasi proqram xarakteri daşıyır. Hərbi gücün artırılması da bu proqramın əsas istiqamətlərindən biri kimi önə çıxır. Azərbaycanın öz təhlükəsizliyini təmin etmək, milli maraqlarını qorumaq və müstəqil siyasətini davam etdirmək imkanlarının möhkəmləndirilməsi dövlət quruculuğunun ayrılmaz hissəsidir.
Bu gün Azərbaycan Zəfərin yaratdığı yeni reallıqlar şəraitində öz inkişafının növbəti mərhələsinə qədəm qoyur. Qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri möhkəmləndirmək, dövlətin müdafiə və təhlükəsizlik potensialını daha da gücləndirmək, sülh və sabitliyin qorunmasına xidmət edən imkanları genişləndirməkdir. Güclü Azərbaycan, güclü ordu və etibarlı təhlükəsizlik sistemi ölkənin gələcək inkişafının mühüm dayaqlarından biri olaraq qalır.
Səlim Zeynalov – Zərdab rayonu Dəkkəoba kənd tam orta ümumitəhsil məktəbinin direktoru























