Bizim qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etmişdir.
Azərbaycanın müasir siyasi tarixində elə mərhələlər var ki, həmin hadisələr təkcə bir ölkənin deyil, bütövlükdə regionun gələcək inkişaf istiqamətlərinə ciddi təsir göstərir. Qarabağ münaqişəsinin həlli və Azərbaycanın ərazi bütövlüyünün bərpası da məhz belə tarixi mərhələlərdəndir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın milli maraqları bütün siyasi proseslərin əsas istiqamətinə çevrildi, dövlətin qarşıya qoyduğu strateji hədəflər isə mərhələli şəkildə reallaşdırıldı.
Dövlət başçısının siyasi iradəsi və qətiyyətli mövqeyi Azərbaycanın qarşılaşdığı mürəkkəb geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edirdi. Uzun illər ərzində davam edən işğal faktının aradan qaldırılması, ərazi bütövlüyünün və suverenliyin təmin olunması yalnız hərbi müstəvidə deyil, həm də diplomatik və siyasi müstəvilərdə ardıcıl fəaliyyət tələb edirdi. Azərbaycan bu sınaqlardan keçərək özünün milli gücünü, siyasi iradəsini və xalq-dövlət birliyini nümayiş etdirdi.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın Zəfər yoluna nəzər salaraq bu tarixi qələbələrin mahiyyətini və əhəmiyyətini diqqətə çatdırıb. Dövlət başçısının fikirləri Azərbaycanın hansı mürəkkəb şəraitdə öz milli məqsədlərinə nail olduğunu bir daha göstərir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr bizim əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə son qoydu, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Bu iki hərbi Zəfər təkcə xalqımız üçün, dövlətimiz üçün deyil, bütün dünya üçün böyük önəm daşıyır. Çünki birinci növbədə yeni bir presedent yaranmışdır və biz bu qələbələri böyük güclərin müqaviməti fonunda əldə etmişik. Sirr deyil ki, 1992-ci ildə yaradılmış Minsk qrupunun əsas məqsədi münaqişəni dondurmaq idi, Azərbaycanın ərazi bütövlüyünün bərpasına kömək göstərmək yox. İkinci Qarabağ müharibəsi başlanan gündən 44 gün ərzində bizə qarşı böyük təzyiqlər göstərilmiş, hədə-qorxular səsləndirilmişdir – həm açıq müstəvidə, eyni zamanda, bağlı qapılar arxasında. Ancaq heç kim bizi yolumuzdan döndərə bilmədi”.
44 günlük Vətən müharibəsi Azərbaycanın qarşısında dayanmış tarixi vəzifənin həlli istiqamətində dönüş nöqtəsi oldu. Ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyinin bərpası dövlət müstəqilliyi tariximizin mühüm səhifələrindən birinə çevrildi.
Bu tarixi prosesin mühüm xüsusiyyətlərindən biri də Azərbaycan xalqının vahid mövqedə olması idi. Xalqın dövlət ətrafında sıx birləşməsi, milli maraqların müdafiəsində nümayiş etdirdiyi həmrəylik və Ordumuza göstərdiyi mənəvi dəstək Zəfərin mühüm dayaqlarından oldu. Məhz dövlət-xalq birliyi Azərbaycanın qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləməsinə imkan verdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin yeni mərhələsini təşkil edir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərin ölkənin iqtisadi və sosial həyatına inteqrasiyası qarşıya qoyulan mühüm vəzifələr sırasındadır.
Azərbaycanın Zəfər salnaməsi göstərdi ki, milli iradə, siyasi qətiyyət və xalqın vahid mövqeyi qarşıya qoyulan ən mürəkkəb vəzifələrin həllində mühüm amildir. 8 Noyabr və 20 Sentyabr tarixləri Azərbaycan xalqının yaddaşında dövlətçilik, suverenlik və milli həmrəylik rəmzləri kimi yaşayacaq. Bu tarixlərin daşıdığı siyasi və mənəvi məna isə gələcək nəsillərə Azərbaycanın öz milli məqsədlərinə hansı əzm və qətiyyətlə nail olduğunu göstərən mühüm tarixi miras olacaq.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumitəhsil məktəbinin direktoru




















