Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
Azərbaycanın enerji resursları ilə zəngin ölkə kimi beynəlxalq münasibətlər sistemindəki rolu son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Müasir dövrdə enerji məsələləri yalnız iqtisadi inkişaf kontekstində deyil, həm də dövlətlərin milli təhlükəsizliyi və geosiyasi dayanıqlılığı baxımından mühüm amil kimi çıxış edir. Bu reallıq Azərbaycanın beynəlxalq və regional proseslərdə artan rolunun əsas səbəblərindən biridir. Bu gün dünyada “yaşıl keçid” və alternativ enerji mənbələrinə keçidlə bağlı geniş müzakirələr aparılır. Lakin təcrübə göstərir ki, ənənəvi enerji resurslarından tam imtina etmək qısa müddətdə mümkün deyil. Neft, qaz və digər yanacaq növləri hələ də dünya iqtisadiyyatının fəaliyyətində mühüm yer tutur və bir çox ölkələrin iqtisadi inkişafının təmin olunmasında əsas resurslardan biri olaraq qalır. Bu səbəbdən enerji siyasətinə münasibətdə realist və balanslaşdırılmış yanaşmanın tətbiqi zəruridir.
Eyni zamanda, son dövrdə “yaşıl keçid” siyasətini müdafiə edən dairələr arasında da enerji təminatının reallıqları ilə bağlı daha ciddi və obyektiv müzakirələr aparılır. Çünki dünya iqtisadiyyatının mövcud mərhələsində ənənəvi enerji mənbələrinin əhəmiyyəti hələ də yüksək olaraq qalır. Neft və qazdan tam şəkildə imtina edilməsi məsələsi iqtisadiyyatların dayanıqlılığı, sənayenin fəaliyyəti və enerji təminatının davamlılığı baxımından ciddi suallar doğurur. Bu reallıq Azərbaycanın enerji siyasətinin və enerji potensialının strateji əhəmiyyətini daha da artırır. Azərbaycan enerji resursları ilə zəngin olmaqla yanaşı, onların dünya bazarlarına etibarlı və təhlükəsiz şəkildə çatdırılması istiqamətində mühüm imkanlara malikdir. Ölkəmizin enerji layihələri yalnız iqtisadi gəlirlər baxımından deyil, həm də regionda və daha geniş coğrafiyada enerji təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın enerji resurslarına olan tələbatın yüksək olduğu bir şəraitdə etibarlı tərəfdaş kimi çıxış etməsi onun beynəlxalq münasibətlər sistemindəki mövqeyini daha da möhkəmləndirir. Enerji təminatının davamlılığı birbaşa olaraq dövlətlərin iqtisadi sabitliyi ilə, iqtisadi sabitlik isə milli təhlükəsizliklə bağlıdır. Bu səbəbdən enerji təhlükəsizliyinin artıq milli təhlükəsizlik anlayışının ayrılmaz hissəsinə çevrildiyini nəzərə almaq lazımdır. Məhz bu amillər nəzərə alınmaqla, enerji resursları ilə zəngin olan Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Ölkəmizin enerji potensialı, coğrafi mövqeyi, nəqliyyat imkanları və həyata keçirdiyi müstəqil siyasət Azərbaycanın regional və beynəlxalq proseslərdə əhəmiyyətini daha da artırır.
Qarşıdakı dövrdə enerji təhlükəsizliyinə olan tələbatın yüksək olaraq qalması Azərbaycanın rolunun daha da artacağına əsas verir. Azərbaycan həm ənənəvi enerji resurslarının etibarlı təchizatçısı, həm də enerji keçidi prosesində yeni imkanlar formalaşdıran ölkə kimi öz mövqeyini gücləndirə bilər. Bu isə ölkəmizin geosiyasi və təhlükəsizlik baxımından əhəmiyyətinin gələcəkdə daha da yüksələcəyini göstərir.
Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri





















