image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-4

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

image-legitimaz-810x90

 

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.

 

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin siyasi irsindən və bu siyasi xəttin bu gün də davam etdirilməsindən geniş bəhs edib. Dövlət başçısı bildirib ki, illər keçdikcə qarşıya qoyulan taktiki və strateji məqsədlər müəyyən qədər dəyişə bilər, lakin əsas siyasi xətt dəyişməz olaraq qalır. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin əsasını Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması, ölkənin iqtisadi gücünün artırılması və milli maraqların müdafiəsi təşkil edib. 1990-cı illərin əvvəllərində Azərbaycan ağır siyasi və iqtisadi vəziyyətlə üzləşdiyi bir vaxtda Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin gələcəyi baxımından mühüm hadisə oldu.

Həmin dövrdə ölkədə siyasi qarşıdurma, iqtisadi böhran, torpaqların işğalı və dövlət idarəçiliyində ciddi problemlər mövcud idi. Belə bir şəraitdə xalqın Heydər Əliyevə olan inamı daha da artdı. Onun rəhbərliyi ilə dövlətçiliyin möhkəmləndirilməsi, ölkədə sabitliyin təmin edilməsi və iqtisadi inkişaf üçün əsasların yaradılması istiqamətində mühüm addımlar atıldı. Prezident İlham Əliyevin qurultaydakı çıxışında qeyd etdiyi kimi, Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanın ümumi inkişaf strategiyası müəyyən edildi və həmin strategiya sonrakı illərdə də ölkənin inkişafına istiqamət verdi. Bu siyasətin əsas istiqamətləri müstəqilliyin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin təmin edilməsi və güclü hərbi potensialın yaradılması idi.

Heydər Əliyevin müəyyən etdiyi iqtisadi siyasət Azərbaycanın gələcək inkişafı üçün də mühüm zəmin yaratdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəyə xarici investisiyaların cəlb edilməsi genişləndi. Bununla yanaşı, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etdirildi, ölkənin dünyadakı mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm işlər görüldü. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, Ulu Öndərin siyasi xətti bu gün də davam etdirilir. 2003-cü ildən sonra həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası olub. Bu məqsədlə ölkənin iqtisadi və hərbi gücü artırılıb, Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirib.

Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. Ölkənin hərbi gücünün daha da artırılması, iqtisadi inkişafın davam etdirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdış proqramının həyata keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi əsas istiqamətlər sırasında yer alır. Bu vəzifələrin həyata keçirilməsi də uzunmüddətli dövlətçilik strategiyasının davamı kimi təqdim olunur. Ulu Öndərin siyasi irsində mühüm yer tutan dövlətçilik və müstəqillik prinsipləri bu gün də Azərbaycanın inkişafında əsas istiqamətlərdən biri olaraq qalır. Dövlət başçısının qurultayda qeyd etdiyi kimi, taktiki və hətta bəzi strateji məqsədlər zaman keçdikcə dəyişə bilər, lakin əsas xətt – müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və ölkənin imkanlarından səmərəli istifadə – dəyişməz olaraq qalır.

Bu baxımdan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt Azərbaycanın müasir inkişaf tarixinin mühüm istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Prezident İlham Əliyevin VIII Qurultayda səsləndirdiyi fikirlər isə həmin siyasi xəttin əsas prinsiplərinin bu gün də dövlət siyasətində öz əksini tapdığını göstərir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki