Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması xalqın tələbi idi
1980-ci illərin sonlarında Azərbaycanın üzləşdiyi siyasi proseslər və milli maraqlarımıza qarşı formalaşan təhdidlər xalqımızın yaddaşında xüsusi yer tutur. Həmin dövrdə baş verən hadisələr göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünün və dövlətçilik maraqlarının müdafiəsi üçün güclü siyasi iradəyə və prinsipial rəhbərliyə ehtiyac var idi. Xalqımız bu iradəni və siyasi qətiyyəti Ulu Öndər Heydər Əliyevin şəxsində görürdü. Ümummilli lider Heydər Əliyevin Politbürodan və sovet hakimiyyətinin ali rəhbərliyindən uzaqlaşdırılmasından cəmi iki həftə sonra – 1987-ci ilin noyabrında erməni millətçiləri Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı məsələ qaldırmışdılar. Bu təşəbbüs sovet rəhbərliyi və Bakı cəlladı Qorbaçov tərəfindən dəstəklənmişdir. Beləliklə, faktiki olaraq sovet rəhbərliyi həmin mərhələdə Azərbaycanın ərazi bütövlüyünə qarşı mövqeyini ortaya qoymuşdu. Azərbaycanda hakimiyyətdə olan satqın rəhbərlər və bütövlükdə satqın rəhbərlik isə bu siyasətin qarşısını almaq əvəzinə, onun həyata keçirilməsində alət rolunu oynayırdı.
Əgər Ulu Öndər Heydər Əliyev həmin dövrdə Azərbaycanda olsaydı, Azərbaycan xalqının başına belə oyunların açılmasına heç vaxt imkan verməzdi. Azərbaycan xalqı da bunu çox yaxşı anlayırdı və məhz buna görə öz nicat yolunu Ulu Öndər Heydər Əliyevin siyasi rəhbərliyində görürdü. Xalqımız bir daha öz müdrikliyini nümayiş etdirdi. 1993-cü ilin oktyabrında Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqın ona olan inamının və ölkəni böhrandan çıxara biləcək liderə olan tələbinin ifadəsi idi. Lakin həmin vaxta qədər Azərbaycan artıq ağır itkilərlə üzləşmişdi. Torpaqlarımız işğal edilmiş, iqtisadiyyat demək olar ki, tamamilə çökmüş, ölkənin maliyyə vəziyyəti son dərəcə ağırlaşmışdı.
Neft və qazla zəngin olan Azərbaycanda qaz və elektrik enerjisi qıtlığı yaranmışdı. İnflyasiyanın 1000 faizdən yüksək olması iqtisadi vəziyyətin nə qədər ağır olduğunu göstərirdi. Dövlət xəzinəsi boş idi. Ölkənin bir tərəfində torpaqlarımız işğal olunur, digər tərəfində isə AXC–Müsavat cütlüyünün yaratdığı siyasi böhran və vətəndaş qarşıdurması dərinləşirdi. Ermənistanın torpaqlarımızı işğal etdiyi bir dövrdə ölkə daxilində vətəndaş müharibəsinin başlanmasına yol verilmiş, qardaş qanı tökülmüşdür. Daha sonra isə həmin siyasi qüvvələrin nümayəndələri məsuliyyətdən yayınaraq müxtəlif istiqamətlərə çəkilmişdilər. Belə ağır və mürəkkəb şəraitdə Azərbaycan xalqı öz taleyini öz liderinə əmanət etdi.
Ulu Öndər Heydər Əliyev bütün bu mürəkkəb proseslər qarşısında qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi. Onun siyasi iradəsi Azərbaycanın parçalanmaq təhlükəsindən xilas edilməsində və dövlətçiliyimizin qorunmasında aparıcı rol oynadı. Separatçılıq meyillərinin qarşısının alınması, dövlət çevrilişi cəhdlərinin dəf edilməsi və ölkədə sabitliyin bərqərar olunması Azərbaycanın gələcək inkişafının əsasını formalaşdırdı. Həmin illərdə Azərbaycanın demoqrafik və sosial vəziyyəti də son dərəcə ağır idi. Təxminən səkkiz milyon əhalinin bir milyonu qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, evsiz-eşiksiz qalmış və çadırlarda yaşamağa məcbur olmuşdu. Bu, miqyası böyük olan humanitar fəlakət idi. Ən mürəkkəb məqamlardan biri isə Azərbaycanın bu ağır vəziyyətdə faktiki olaraq təkbaşına qalması idi. Nə müharibə zamanı, nə də müharibədən sonrakı dövrdə ölkəmizə real və lazımi səviyyədə yardım göstərilirdi.
Azərbaycan xalqı bütün bu çətinlikləri də öz gücü hesabına arxada qoydu. Bu gün ölkəmizin möhkəm şəkildə ayaq üstündə dayanması həmin dövrdə qəbul edilmiş siyasi qərarların və həyata keçirilmiş məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan xalqının iradəsi, Ümummilli Lider Heydər Əliyevə olan inamı və onun müəyyən etdiyi siyasi xətt ölkəmizin dövlətçilik əsaslarının qorunmasına, sabitliyin təmin edilməsinə və gələcək uğurlar üçün möhkəm zəmin yaradılmasına imkan verdi. Bu gün Ulu Öndərin siyasi kursunu cənab Prezident İlham Əliyev uğurla həyata keçirir.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri





















