image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir

image-legitimaz-810x90

Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir.

 

Azərbaycanın müasir inkişaf salnaməsində enerji sektoru ölkənin iqtisadi qüdrətinin, beynəlxalq mövqeyinin və regional əməkdaşlıq imkanlarının formalaşmasında mühüm yer tutur. Zəngin təbii sərvətlərə malik olan Azərbaycan bu potensialdan yalnız milli iqtisadiyyatın inkişafı naminə deyil, həm də regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək məqsədilə səmərəli şəkildə istifadə edir. Bu gün ölkəmiz enerji resurslarının hasilatı, emalı, nəqli və ixracı sahəsində mühüm imkanlara malik dövlət kimi çıxış edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü enerji siyasəti Azərbaycanın enerji potensialının milli inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrilməsinə imkan verib. Ölkənin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün yaradılmış infrastruktur Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, onu beynəlxalq enerji əməkdaşlığının mühüm iştirakçılarından birinə çevirib. Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın öz enerji resurslarından istifadə etməklə yanaşı, onların nəqlində və regional enerji layihələrinin reallaşdırılmasında fəal rol oynamasıdır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji potensialına toxunaraq ölkəmizin bu sahədəki imkanlarını xüsusi qeyd edib. Dövlət başçısının səsləndirdiyi “Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir” fikri ölkəmizin enerji sektorunun miqyasını və şaxələndirilmiş xarakterini ifadə edən mühüm tezisdir.

Azərbaycanın enerji strategiyasının əsas xüsusiyyətlərindən biri onun uzunmüddətli və çoxşaxəli xarakter daşımasıdır. Neft və qaz ehtiyatlarının işlənilməsi ilə yanaşı, elektrik enerjisi istehsalının artırılması, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji infrastrukturunun müasirləşdirilməsi də dövlət siyasətinin əsas istiqamətlərindəndir. Bu yanaşma Azərbaycanın enerji sektorunda yeni imkanların formalaşmasına və gələcək inkişaf üçün əlavə resursların yaradılmasına şərait yaradır.

Ölkəmizin enerji siyasətində beynəlxalq əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illər ərzində müxtəlif enerji layihələri vasitəsilə həm region ölkələri, həm də Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirib. Enerji resurslarının müxtəlif istiqamətlər üzrə nəqli Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini artıran mühüm amillərdən biridir. Bu layihələr eyni zamanda ölkənin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.

Azərbaycanın enerji potensialı artıq yalnız neft və qazla ölçülmür. Ölkəmizin ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsində malik olduğu imkanlar gələcək enerji strategiyasının mühüm tərkib hissəsinə çevrilir. Bu isə Azərbaycanın həm daxili enerji tələbatının daha etibarlı təmin edilməsinə, həm də gələcəkdə yaşıl enerjinin ixrac coğrafiyasının genişləndirilməsinə şərait yaradacaqdır.

Enerji təhlükəsizliyi bu gün dövlətlərin milli təhlükəsizliyinin mühüm komponentlərindən biridir. Azərbaycanın enerji resurslarının hasilatı, emalı, nəqli və ixracı sahəsində yaratdığı imkanlar ölkənin iqtisadi dayanıqlığı ilə yanaşı, regional enerji təhlükəsizliyinə də töhfə verir. Bu baxımdan Azərbaycanın həyata keçirdiyi enerji siyasəti yalnız iqtisadi layihələr toplusu deyil, həm də uzunmüddətli dövlət strategiyasının mühüm istiqamətidir.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında enerji sektoruna dair səsləndirilən fikirlər də göstərir ki, bu sahə Azərbaycanın gələcək inkişafında mühüm rol oynamaqda davam edəcək. Ənənəvi enerji resurslarının səmərəli idarə olunması, enerji marşrutlarının şaxələndirilməsi və yaşıl enerji potensialının reallaşdırılması qarşıdakı dövrün əsas istiqamətləri sırasındadır.

 

Vəfadar Nİftəliyev – Zərdab şəhər sakini, veteran müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki