image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images-1

Azərbaycanın gələcək inkişafı üçün strateji hədəflər

image-legitimaz-810x90

Azərbaycanın gələcək inkişafı üçün strateji hədəflər

 

Azərbaycanın qarşıdakı illərdə inkişafı üçün qarşıya qoyulan əsas məqsədlər ölkənin iqtisadi gücünün artırılması, tranzit imkanlarının genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərin bərpasının sürətləndirilməsi ilə bağlıdır. Bu istiqamətlər bir-birini tamamlayır və Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.

Ölkəmizin iqtisadi inkişafında enerji sektoru mühüm rol oynayır. “Azəri-Çıraq-Günəşli” yatağının artıq 30 ildən çox istismarda olması və hasilatda təbii azalmanın müşahidə edilməsi yeni imkanların yaradılmasını zəruri edir. Bu baxımdan imzalanan yeni kontraktlar və xarici ölkələrdə əldə olunan neft yataqları Azərbaycanın enerji hasilatını yalnız sabit saxlamağa deyil, gələcəkdə artırmağa da imkan verəcək. Qaz sahəsində imzalanmış yeni kontraktın əlavə 5 milyard kubmetr qaz hasilatına imkan yaratması da bu siyasətin nəticələrindən biridir.

Azərbaycanın gələcək inkişafında nəqliyyat və tranzit imkanlarının genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin əlverişli coğrafi mövqeyi, yaradılmış müasir infrastruktur və həyata keçirilən ardıcıl siyasət Azərbaycanı beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısına çevirib. Orta Dəhliz və Şimal-Cənub Dəhlizi Azərbaycanın iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır. Əgər vaxtilə Azərbaycan ərazisindən 3-4 milyon ton tranzit yükün keçməsi arzu edilirdisə, artıq bu göstəricinin 2026-cı ildə 16 milyon tona çatacağı gözlənilir. Qarşıya qoyulan məqsəd isə orta müddətdə tranzit yükdaşımaların 30 milyon tona çatdırılmasıdır. Bu, ölkəyə əlavə gəlirlərin daxil olması, yeni iş yerlərinin yaradılması və Azərbaycanın beynəlxalq nəqliyyat sistemində mövqeyinin daha da möhkəmlənməsi deməkdir.

Azərbaycanın gələcəyində xüsusi əhəmiyyət daşıyan digər mühüm istiqamət Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış proqramının davam etdirilməsidir. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, yollar, elektrik və digər infrastruktur obyektləri yaradılır, yaşayış məntəqələri yenidən qurulur. Artıq onlarla yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması təmin edilib. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi yalnız həmin ərazilərin deyil, bütövlükdə Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcək.

Bütün bunlar göstərir ki, Azərbaycanın inkişafı ayrı-ayrı sahələrlə məhdudlaşmır. Enerji, nəqliyyat, investisiya, infrastruktur və işğaldan azad edilmiş ərazilərin bərpası vahid strateji məqsədə – güclü, iqtisadi cəhətdən dayanıqlı və beynəlxalq əhəmiyyəti daha da artan Azərbaycan qurmağa xidmət edir.

Bu böyük vəzifələrin həyata keçirilməsində cəmiyyətin bütün təbəqələrinin, o cümlədən Yeni Azərbaycan Partiyasının üzvlərinin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Qarşıya qoyulan hədəflər Azərbaycanın gələcək inkişafına, insanların rifahının yüksəlməsinə və ölkəmizin mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Azərbaycanın qarşısında böyük imkanlar və yeni inkişaf mərhələsi dayanır.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam ümumtəhsil məktəbinin direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki