image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-b93e78c6160775244782658852110123796

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

image-legitimaz-810x90

Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır.

 

Azərbaycan dövlətçilik tarixinin son onillikləri Ulu Öndər Heydər Əliyevin adı və zəngin siyasi irsi ilə sıx bağlıdır. Onun Azərbaycan qarşısında xidmətləri yalnız müəyyən tarixi mərhələ ilə məhdudlaşmır. Heydər Əliyevin dövlətçilik konsepsiyası müstəqil Azərbaycanın siyasi, iqtisadi və ictimai inkişafının əsas istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayıb. Ulu Öndərin uzaqgörən siyasəti, milli maraqlara əsaslanan mövqeyi və dövlətçilik ənənələrinə sadiqliyi bu gün də Azərbaycanın inkişaf yolunda öz əksini tapır.

Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas mahiyyətini güclü dövlət, xalq-dövlət birliyi, milli həmrəylik, sabitlik və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi təşkil edirdi. Bu siyasi xəttin mühüm xüsusiyyətlərindən biri onun zamanın dəyişən reallıqlarına uyğun olaraq yeni məzmunla zənginləşdirilməsi, lakin fundamental prinsiplərinin qorunub saxlanılmasıdır. Bu baxımdan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə Ulu Öndərin dövlətçilik irsinin davamlılığını görmək mümkündür.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı da bu siyasi varisliyin və davamlılığın nümayiş olunduğu mühüm siyasi platforma kimi diqqəti cəlb edir. Qurultayda Azərbaycanın keçdiyi tarixi yol, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı isə Ulu Öndərin siyasi irsinin müasir dövrdə də dövlət siyasətinin mühüm dayaqlarından biri olduğunu bir daha nümayiş etdirib.

Heydər Əliyevin yaratdığı siyasi məktəb ilk növbədə dövlətə və xalqa xidmət fəlsəfəsinə əsaslanır. Ulu Öndər üçün dövlətçilik yalnız idarəetmə anlayışı deyil, milli varlığın və müstəqilliyin başlıca təminatı idi. Məhz buna görə onun siyasi fəaliyyətində Azərbaycanın milli maraqlarının qorunması, dövlət müstəqilliyinin möhkəmləndirilməsi və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi xüsusi yer tuturdu.

Bu gün Azərbaycan dövlətinin əldə etdiyi nəticələrə nəzər saldıqda, Heydər Əliyevin müəyyən etdiyi strateji kursun ardıcıl şəkildə davam etdirilməsinin əhəmiyyəti aydın görünür. Ölkənin iqtisadi potensialının artırılması, sosial inkişafın təmin edilməsi, dövlət institutlarının gücləndirilməsi və Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən siyasət dövlətçilik strategiyasının davamlı xarakter daşıdığını göstərir.

Ulu Öndərin siyasi xəttinin mühüm istiqamətlərindən biri də milli birlik və həmrəylik məsələsi idi. Azərbaycanın mürəkkəb tarixi sınaqlardan keçərək bugünkü siyasi sabitliyə və inkişaf mərhələsinə çatmasında xalqın dövlət ətrafında birləşməsi mühüm amillərdən biri olub. Yeni Azərbaycan Partiyasının fəaliyyəti də bu siyasi və ictimai həmrəyliyin möhkəmləndirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyır. Partiyanın uzun illər ərzində ölkənin siyasi həyatında aparıcı rol oynaması onun cəmiyyətlə siyasi münasibətlərinin davamlı xarakterini göstərən amillərdəndir.

Ulu Öndərin siyasi xəttinin dəyişməz qalması, eyni zamanda, Azərbaycanın milli maraqlarının bütün siyasi qərarların əsas meyarı kimi qəbul edilməsində özünü göstərir. Qarabağ məsələsində Azərbaycanın prinsipial mövqeyi, ərazi bütövlüyünün və suverenliyin bərpası istiqamətində atılan addımlar da dövlətçilik siyasətinin ardıcıllığının mühüm göstəricilərindəndir. Azərbaycanın əldə etdiyi Zəfər yalnız hərbi uğur deyil, həm də uzun illər ərzində həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi tarixə düşüb.

Bu gün qarşıda yeni hədəflər və yeni çağırışlar dayanır. Azərbaycanın inkişafının davam etdirilməsi, sosial rifahın yüksəldilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinin aparılması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsi ardıcıl siyasət tələb edir. Bu prosesdə Ulu Öndərin siyasi irsi mühüm ideoloji və dövlətçilik dayağı olaraq qalır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayının ortaya qoyduğu əsas reallıqlardan biri də budur ki, siyasi kursun davamlılığı dövlətin strateji məqsədlərinin ardıcıl həyata keçirilməsinin mühüm şərtidir. Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipləri zaman keçdikcə öz aktuallığını itirmir, əksinə, yeni tarixi reallıqlar fonunda daha geniş məzmun qazanır.

Rüxsarə Eminova – Zərdab rayonu Körpükənd kənd tam orta ümumitəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki