image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-prez

Azərbaycanın tarixi Zəfəri xalqın birliyi və dövlətin qətiyyəti ilə qazanıldı

image-legitimaz-810x90

Azərbaycanın tarixi Zəfəri xalqın birliyi və dövlətin qətiyyəti ilə qazanıldı.

 

Azərbaycanın son illərdə əldə etdiyi tarixi qələbələr xalqımızın yaddaşında əbədi yaşayacaq. İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və 2023-cü il sentyabrın 20-də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi dövlətimizin tarixində yeni bir səhifə açdı. Bu qələbələr Azərbaycan xalqının uzun illər davam edən ədalətli mübarizəsinin nəticəsi oldu.

2020-ci il 8 noyabr Azərbaycan tarixinin ən şərəfli günlərindən biridir. Şuşanın azad edilməsi ilə müharibənin taleyi həll olundu və 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq Zəfəri ilə başa çatdı. 8 Noyabr xalqımız üçün əbədi bayram olaraq qalacaq. 2023-cü il 20 sentyabr da eyni dərəcədə mühüm tarixi əhəmiyyət daşıyır. Həmin gün Azərbaycan öz ərazisində separatizmə son qoydu və dövlət suverenliyini tam şəkildə təmin etdi.

Bu Zəfərlərin arxasında Azərbaycan xalqının böyük birliyi və dövlətimizin qətiyyətli siyasəti dayanırdı. Müharibə zamanı xalqımız bir yumruq kimi birləşdi. Cəmiyyətin bütün təbəqələri Azərbaycan Ordusunun və dövlətimizin yanında oldu. Əsgər və zabitlərimiz döyüş meydanında, xalqımız isə mənəvi cəbhədə öz dəstəyini göstərdi. Bu birlik Azərbaycanın qarşısında duran ən çətin məsələlərin belə həll edilə biləcəyini bir daha nümayiş etdirdi.

Azərbaycanın Zəfəri heç də asan başa gəlmədi. İkinci Qarabağ müharibəsi zamanı ölkəmizə müxtəlif istiqamətlərdən ciddi təzyiqlər göstərildi. Açıq şəkildə səsləndirilən çağırışlarla yanaşı, diplomatik kanallar vasitəsilə də Azərbaycana təzyiq edilməyə çalışıldı. Lakin Azərbaycan öz haqq yolundan dönmədi. Dövlətimizin qətiyyəti, siyasi iradəsi və xalqın vahid mövqeyi bütün bu cəhdləri nəticəsiz qoydu.

Bu baxımdan Azərbaycanın qələbəsi yalnız hərbi uğur kimi qiymətləndirilə bilməz. Bu Zəfər uzun illər davam edən ədalətsizliyə son qoydu və regionda yeni siyasi reallıqlar yaratdı. Uzun müddət Qarabağın Azərbaycan ərazisi olduğu faktını qəbul etmək istəməyən qüvvələr sonda Azərbaycanın ərazi bütövlüyünü qəbul etməyə məcbur oldular.

Azərbaycanın əldə etdiyi qələbələrin digər mühüm tərəfi ondan ibarətdir ki, xalqımız öz torpaqlarının azadlığına nail oldu. Şəhidlərimizin qanı bahasına əldə edilən bu Zəfər bizim üçün sadəcə tarixi hadisə deyil, həm də böyük məsuliyyətdir. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi daim uca tutulmalıdır. Onların qəhrəmanlığı heç vaxt unudulmamalıdır.

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri də tarixi həqiqətləri qorumaq və gələcək nəsillərə düzgün çatdırmaqdır. Çünki tarix yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək üçün nəticə çıxarmaqdır. Müxtəlif xarici dairələrin tarixi hadisələri öz maraqlarına uyğun təqdim etməsinə imkan vermək olmaz. Azərbaycan xalqı yaşadığı hadisələri yaxşı bilir və öz tarixini heç kimdən öyrənməyə ehtiyac duymur.

Bu gün regionda yaranmış yeni vəziyyət Azərbaycanın illər ərzində apardığı ardıcıl və məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan həm döyüş meydanında, həm də diplomatik müstəvidə öz mövqeyini müdafiə etməyi bacardı. Ən əsası isə xalqımızın birliyi və dövlətimizin qətiyyəti bütün bu proseslərin əsas dayağı oldu.

Qazanılan Zəfərlər bizə bir daha göstərdi ki, xalq və dövlət bir məqsəd ətrafında birləşəndə qarşıya qoyulan ən böyük hədəflərə belə nail olmaq mümkündür. 8 Noyabr və 20 Sentyabr tarixləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Bu tarixlər həm şəhidlərimizin qəhrəmanlığının, həm Azərbaycan Ordusunun gücünün, həm də xalqımızın milli birliyinin rəmzidir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki