Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
Azərbaycanın qarşısında müəyyən edilmiş strateji məqsədlər ardıcıl və məqsədyönlü şəkildə bir-bir həyata keçirilmişdir. Ölkəmizin keçdiyi inkişaf yolu, əldə etdiyi nəticələr və beynəlxalq mövqeyi həyata keçirilmiş siyasətin nəticələrini aydın şəkildə nümayiş etdirir. Bu barədə geniş danışmağa ehtiyac yoxdur, çünki əldə olunan nailiyyətlər artıq hər kəs üçün göz önündədir. Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir. Bir çox tanınmış ekspertlər və təhlilçilər Azərbaycanı artıq orta güc dövləti sırasına daxil edirlər. Azərbaycanın bu mövqeyinin formalaşmasını şərtləndirən bir sıra mühüm amillər mövcuddur. İlk növbədə, ölkəmiz iqtisadi müstəqilliyini tam təmin etmişdir. Bununla yanaşı, Azərbaycan beynəlxalq aləmdə öz mövqeyi, milli maraqları və müstəqil siyasəti ilə çıxış edən dəyərli üzv kimi qəbul olunur.
2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan silahlı qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdur. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir.
Müzəffər Azərbaycan Ordusu çıxdığı bu şərəfli yolda 44 günlük Zəfər yürüşü ilə doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi uğrunda rəşadətlə mübarizə apardı, bu müqəddəs savaşda böyük zəfərlə Azərbaycan xalqını sevindirdi. Bu şanlı Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsi, qüdrətli Ordumuzun qəhrəmanlığı və əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən Müharibəsi Azərbaycanın müstəqillik tarixinə qızıl həflərlə yazıldı.
Bu gün Azərbaycan artıq öz taleyini özü müəyyən edən dövlətdir. Ölkəmizin siyasi və iqtisadi müstəqilliyi qarşıya qoyulan strateji məqsədlərin həyata keçirilməsi üçün möhkəm əsas yaratmışdır. Qarşıya qoyulan ən mühüm strateji vəzifələrdən biri, şübhəsiz ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası idi ki, biz buna nail olduq.
Şanlı qələbələrimizdən sonra qarşıda duran mühüm məsələlərdən biri də Ermənistanla sülh prosesinin yekunlaşdırılması olmuşdur. Azərbaycan əldə etdiyi tarixi nəticələrə əsaslanaraq sülh istiqamətində də mühüm addımlar atmışdır. Nəticə etibarilə, Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürləmişdir.
Bu gün ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, iqtisadi müstəqilliyimizin təmin olunması və beynəlxalq mövqelərimizin gücləndirilməsi ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Bu siyasətin davam etdirilməsi Azərbaycanın qarşıdakı dövrdə də qarşıya qoyduğu məqsədlərə ardıcıl şəkildə nail olmasının əsas şərtlərindən biri olacaqdır.
Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri





















