Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır.
Müstəqil dövlət üçün ən böyük dəyərlərdən biri onun vətəndaşlarının təhlükəsiz və sabit şəraitdə yaşamasıdır. Dövlətin gücü yalnız iqtisadi göstəricilər və beynəlxalq nüfuzla deyil, həm də öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək imkanları ilə ölçülür. Azərbaycan bu gün mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir regionda sabitlik və təhlükəsizlik şəraitində yaşayan ölkələrdən biri kimi diqqəti cəlb edir. Bu reallığın formalaşmasında ardıcıl dövlət siyasəti, milli həmrəylik və təhlükəsizlik məsələlərinə sistemli yanaşma mühüm rol oynayır.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ölkəmizdə təhlükəsizlik və əmin-amanlığın təmin olunmasına xüsusi diqqət yetirib. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycanın əldə etdiyi tarixi Zəfərdən sonra qarşıda duran əsas vəzifələrdən biri bu reallıqları qorumaq və ölkənin təhlükəsizlik imkanlarını daha da gücləndirməkdir. Çünki dünyada baş verən proseslər göstərir ki, sabitlik öz-özünə formalaşmır, onun qorunması davamlı dövlət siyasəti və yüksək hazırlıq tələb edir.
Azərbaycan xalqının bu gün təhlükəsizlik şəraitində yaşaması, ilk növbədə, dövlətin müdafiə və təhlükəsizlik qabiliyyətinin möhkəmləndirilməsi ilə bağlıdır. Cənab Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, “Bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var.” Bu fikirlər Azərbaycanın hazırkı reallığının mühüm göstəricisini ifadə edir.
Azərbaycanın təhlükəsizlik mühiti həm ölkə daxilində sabitliyin qorunmasını, həm də dövlət sərhədlərinin etibarlı mühafizəsini əhatə edir. Bu baxımdan hərbi gücün artırılması ilə yanaşı, müasir texnologiyalardan istifadə, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi və yeni çağırışlara uyğun hazırlıq səviyyəsinin yüksəldilməsi strateji əhəmiyyət daşıyır. Dövlət başçısının qurultayda səsləndirdiyi fikirlərdən də aydın görünür ki, təhlükəsizlik siyasəti yalnız bugünkü vəziyyətə deyil, gələcəkdə yarana biləcək risklərin qabaqlanmasına hesablanır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və 2023-cü ilin sentyabrında ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması ölkənin təhlükəsizlik arxitekturasında yeni mərhələ yaradıb. Lakin bu tarixi nəticələrin qorunması daim ayıq-sayıq olmağı tələb edir.
Təhlükəsizlik anlayışı müasir dövrdə yalnız hərbi və fiziki təhlükələrlə məhdudlaşmır. İnformasiya məkanı, kibertəhlükəsizlik və ideoloji təsirlər də dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Prezident İlham Əliyev çıxışında ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər önəmli olduğunu diqqətə çatdırıb. Bu baxımdan əhalinin, xüsusilə gənc nəslin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və informasiya məkanında həqiqətlərin geniş yayılması mühüm məsələlər kimi önə çıxır.
Ölkə daxilində ictimai-siyasi sabitliyin qorunması Azərbaycanın inkişafının digər istiqamətləri üçün də möhkəm zəmin yaradır. İqtisadi layihələrin həyata keçirilməsi, sosial proqramların genişləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının reallaşdırılması məhz sabitlik və təhlükəsizlik mühitində mümkün olur. Bu mənada təhlükəsizlik yalnız ayrıca bir dövlət prioriteti deyil, ölkənin bütün inkişaf strategiyasının əsas dayaqlarından biridir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər göstərir ki, qarşıdakı dövrdə də təhlükəsizlik məsələləri dövlət siyasətinin prioritet istiqamətlərindən biri olacaq. Güclü müdafiə imkanları, dayanıqlı iqtisadiyyat, milli həmrəylik və informasiya təhlükəsizliyi Azərbaycanın sabit inkişafının bir-birini tamamlayan mühüm amilləridir.
Əvəz Soltanov – Zərdab rayon Gənclər və İdman sektorunun müdiri























