Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işlərindən danışıb. Dövlət başçısı bildirib ki, bundan sonrakı illərdə “Böyük Qayıdış” prosesi daha da sürətlə gedəcək.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri həyata keçirilir. Dağıdılmış yaşayış məntəqələri yenidən qurulur, müasir yollar, məktəblər, xəstəxanalar və digər sosial obyektlər yaradılır. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün bütün zəruri şərait formalaşdırılır. Artıq bir sıra şəhər və kəndlərdə insanların məskunlaşması təmin olunub. Doğma torpaqlarına qayıdan ailələr yeni evlərə yerləşir, uşaqlar məktəblərdə təhsil alır, insanlar öz kənd və şəhərlərində gündəlik həyatlarını davam etdirirlər.
“Böyük Qayıdış” təkcə insanların öz doğma torpaqlarına qayıtması deyil, həm də həmin ərazilərin yenidən dirçəldilməsi deməkdir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur regionun gələcək inkişafı üçün möhkəm əsas formalaşdırır. Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərdən də göründüyü kimi, qarşıdakı illərdə bu prosesin daha geniş vüsət alması nəzərdə tutulur. Yeni yaşayış məntəqələrinin salınması və insanların mərhələli şəkildə öz yurdlarına qayıtması davam edəcək.
Beləliklə, “Böyük Qayıdış” Azərbaycanın qarşısında duran mühüm vəzifələrdən biri olaraq qalır. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri nəticəsində bu torpaqların yenidən həyatla canlanması və insanların doğma yurdlarında məskunlaşmasının daha da sürətlənməsi gözlənilir.
Zərdab rayon İsaqbağı kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Dayangül Vəliyeva





















