image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-aujbikezegy4qnzxomqpbmvljty67jqzm1se8483

Azərbaycanın beynəlxalq nüfuzu və müstəqil siyasətin təntənəsi

image-legitimaz-810x90

Azərbaycanın beynəlxalq nüfuzu və müstəqil siyasətin təntənəsi

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin son illərdə keçdiyi inkişaf yolunun, əldə etdiyi tarixi nailiyyətlərin və beynəlxalq mövqeyinin real mənzərəsini ortaya qoyur. Prezidentin çıxışında xüsusi vurğuladığı məqam ondan ibarətdir ki, Azərbaycanın bugünkü nüfuzu təsadüfi deyil, uzun illər ərzində ardıcıl, məqsədyönlü və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.

2003-cü ildən etibarən qarşıya qoyulan əsas strateji hədəflər mərhələli şəkildə həyata keçirilib. Dövlətin iqtisadi potensialının gücləndirilməsi, müstəqil siyasət yürütmək imkanlarının genişləndirilməsi, beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi və milli maraqların qətiyyətlə müdafiəsi Azərbaycanın dünya siyasətində özünəməxsus mövqeyə sahib olmasına şərait yaradıb. Bu gün Azərbaycanla hesablaşılması ölkənin artan siyasi və iqtisadi çəkisinin göstəricisidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunması onun siyasi müstəqilliyinin də möhkəmlənməsində mühüm rol oynayıb. Güclü iqtisadiyyat, geniş enerji və nəqliyyat layihələri, artan investisiya imkanları və beynəlxalq əməkdaşlıq Azərbaycanın regional və qlobal proseslərdə fəal iştirakını təmin edib. Ölkəmizin müxtəlif qlobal məsələlərdə müstəqil mövqe nümayiş etdirməsi də məhz bu gücün nəticəsidir.

Bu siyasətin ən böyük tarixi nəticəsi isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasıdır. Prezident İlham Əliyev hələ 2003-cü ildə əsas vəzifələrdən birinin məhz bu məqsədə nail olmaq olduğunu bəyan etmişdi. Sonrakı illərdə ordu quruculuğuna, iqtisadi gücün artırılmasına, diplomatik imkanların genişləndirilməsinə və milli həmrəyliyin möhkəmləndirilməsinə xüsusi diqqət yetirildi. Nəticədə Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi ədalət bərpa edildi.

44 günlük Vətən müharibəsində əldə olunan Zəfər Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya nümayiş etdirdi. Ardınca suverenliyin tam bərpası ilə dövlətçilik tariximizin yeni mərhələsi başlandı. Bu qələbə yalnız ərazi məsələsinin həlli deyil, eyni zamanda Azərbaycanın öz milli iradəsini həyata keçirmək qüdrətinin təsdiqi oldu.

Bu gün Azərbaycanın qarşısında yeni vəzifələr dayanır. İşğaldan azad edilmiş ərazilərin sürətli bərpası, Böyük Qayıdışın təmin olunması, regionda dayanıqlı sülhün möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ermənistanla sülh prosesində əldə olunan irəliləyişlər isə Cənubi Qafqazın gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük hörmət və nüfuz illər ərzində həyata keçirilən düşünülmüş dövlət siyasətinin məntiqi nəticəsidir. Bu gün Azərbaycan öz taleyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə qoruyan və qarşıya qoyduğu strateji məqsədlərə nail olmağı bacaran güclü dövlətdir. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, görülən işlərin nəticələri göz önündədir və bu nəticələr Azərbaycanın gələcəyə daha böyük inamla addımladığını göstərir.

 

 

Nağı Cavadov – Zərdab rayonu Alıcanlı kənd sakini

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki