Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir
Azərbaycan ilə Ermənistan arasında uzun illər davam etmiş münaqişə Cənubi Qafqazın ən mürəkkəb problemlərindən biri olub. Müharibələrin, qarşıdurmaların və itkilərin yaşandığı bu uzun dövr hər iki xalq üçün ağır nəticələr doğurub. Lakin bu gün regionda vəziyyət əvvəlki illərdən əhəmiyyətli dərəcədə fərqlənir. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılır, sərhədlərdə sabitliyin qorunması və sülh gündəliyinin həyata keçirilməsi üçün danışıqlar davam etdirilir. 2026-cı ilin avqustunda Azərbaycan, Ermənistan və ABŞ tərəfindən verilən birgə bəyanatda da tərəflərin sərhəd boyunca sabitliyi qoruduğu və münasibətlərin normallaşdırılması istiqamətində konkret addımlar atdığı bildirilib Bu yeni reallığın formalaşmasında 2025-ci il mühüm mərhələ oldu. Həmin ilin avqustunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin mətnini parafladılar. Saziş layihəsində dövlətlərin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməsi, həmçinin gələcəkdə bir-birinə qarşı ərazi iddiaları irəli sürməməsi kimi əsas prinsiplər əksini tapıb. Sülh prosesinin mühüm istiqamətlərindən biri Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyasıdır. Tərəflərin müvafiq komissiyaları bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.
2026-cı ilin aprelində keçirilən 13-cü görüşdə sərhədin delimitasiyası üzrə işlərin aparılması qaydaları ilə bağlı bir sıra sənədlər razılaşdırılıb və praktiki işlərin davam etdirilməsi barədə razılıq əldə olunub. Bu cür görüşlərin keçirilməsi tərəflər arasında problemlərin hərbi yolla deyil, danışıqlar və qarşılıqlı razılaşmalar vasitəsilə həll edilməsinin əhəmiyyətini göstərir. Bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərdə iqtisadi və humanitar əlaqələrin də inkişaf etdiyini görmək mümkündür. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan ərazisindən Ermənistana yük daşımaları həyata keçirilir, Azərbaycanın Ermənistana neft məhsulları tədarükün də başlayıb. Belə addımlar keçmişdə qarşıdurma ilə xarakterizə olunan münasibətlərin tədricən əməkdaşlıq və qarşılıqlı fayda istiqamətinə dəyişə biləcəyini göstərir. Sülhün ən böyük əhəmiyyəti isə regionun gələcəyi ilə bağlıdır. Müharibənin olmadığı, sərhədlərdə sabitliyin qorunduğu və dövlətlərin bir-biri ilə danışıqlar apardığı şəraitdə iqtisadi inkişaf üçün daha geniş imkanlar yaranır. Nəqliyyat yollarının açılması, ticarətin genişlənməsi, enerji və kommunikasiya layihələrinin inkişaf etdirilməsi Azərbaycanla Ermənistanla yanaşı, bütün Cənubi Qafqaz ölkələrinin iqtisadi potensialına müsbət təsir göstərə bilər. 2026-cı ilin sentyabrında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşməsi və tərəflərin birbaşa dialoqu davam etdirmək barədə razılığa gəlməsi də prosesin diplomatik müstəvidə davam etdiyini göstərir. Görüşdə sülh prosesində əldə olunmuş irəliləyiş və iqtisadi-nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Bu baxımdan hazırkı dövr Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər. Bu gün Azərbaycan və Ermənistan arasında əvvəlki onilliklərdəki genişmiqyaslı müharibə vəziyyəti yoxdur və tərəflər sülh və normallaşma istiqamətində danışıqlar aparırlar. Sərhədlərdə sabitliyin qorunması, delimitasiya prosesinin davam etdirilməsi, birbaşa diplomatik təmasların saxlanılması və iqtisadi əlaqələrin yaranması region üçün yeni imkanlar açır. Azərbaycan üçün əsas məqsədlərdən biri əldə olunan sülh mühitinin davamlı və dayanıqlı xarakter almasıdır. Sülhün möhkəmlənməsi isə yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Cənubi Qafqazın təhlükəsizliyi, rifahı və gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Yaşar Nuriyev – Zərdab rayonu Alıcanlı kənd sakini






















