Ulu Öndərin siyasi xətti – dəyişməz strateji kurs
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkəmizin müasir inkişaf mərhələsinin siyasi mahiyyətini və dövlətçilik yolunun əsas istiqamətlərini bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs, milli dövlətçilik konsepsiyası və uzunmüddətli inkişaf strategiyası dayanır.
Azərbaycanın müstəqilliyinin ilk illərində qarşılaşdığı ağır siyasi, iqtisadi və hərbi böhran ölkənin gələcəyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Belə mürəkkəb şəraitdə xalqın tələbi və iradəsi ilə siyasi meydana gələn Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, dövlətçiliyin qorunmasına xidmət edən mühüm ictimai-siyasi qüvvə kimi formalaşdı. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan tədricən daxili böhrandan çıxdı, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmağa başladı.
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xarici siyasətində yeni mərhələ başlandı. Ölkəmizin haqq mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın təcavüzkar siyasətinin ifşası və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi diplomatik fəaliyyətin başlıca istiqamətlərindən birinə çevrildi. Azərbaycan qısa müddətdə beynəlxalq təcrid vəziyyətindən çıxaraq etibarlı tərəfdaş kimi tanınmağa başladı. Müxtəlif beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qərar və qətnamələri bu siyasətin nəticələrinin mühüm göstəricilərindən idi.
Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının mühüm istiqamətlərindən biri də iqtisadi müstəqilliyin təmin olunması idi. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, xarici investisiyaların cəlb edilməsi və enerji resurslarından milli maraqlara uyğun istifadə edilməsi Azərbaycanın gələcək inkişafı üçün möhkəm baza yaratdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəyə böyük həcmdə xarici sərmayənin cəlb edilməsi yalnız iqtisadi hadisə deyil, həm də Azərbaycanın müstəqil dövlət kimi öz gələcəyini müəyyən etmək imkanlarının genişlənməsi baxımından tarixi dönüş nöqtəsi oldu.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strateji kurs yeni reallıqlara uyğun şəkildə davam etdirilir. Dövlət başçısının qeyd etdiyi kimi, zaman keçdikcə taktiki və müəyyən strateji məqsədlər dəyişə bilər, lakin siyasi xəttin əsas mahiyyəti dəyişməz qalır. Bu xəttin təməlində müstəqilliyin möhkəmləndirilməsi, dövlətçiliyin qorunması, iqtisadi qüdrətin artırılması, güclü hərbi potensialın yaradılması və milli resurslardan səmərəli istifadə dayanır.
Azərbaycanın son illərdə əldə etdiyi tarixi nailiyyətlər bu siyasətin ardıcıllığını və uzaqgörənliyini təsdiqləyir. Ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, ölkəmizin regional və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi Ulu Öndərin siyasi irsinin müasir mərhələdə uğurla davam etdirildiyini göstərir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən fikirlər yalnız ötən dövrün siyasi qiymətləndirilməsi deyil, həm də Azərbaycanın gələcək inkişafının əsas fəlsəfəsinin ifadəsidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün yeni çağırışlar və imkanlar şəraitində daha da zənginləşdirilir. Dəyişən dünya reallıqları qarşısında dəyişməz qalan əsas məqam isə Azərbaycan dövlətçiliyinin, milli maraqların və müstəqil inkişaf yolunun prioritet olmasıdır. Məhz bu ardıcıllıq Azərbaycanın əldə etdiyi uğurların təsadüfi deyil, düşünülmüş və uzunmüddətli dövlət siyasətinin nəticəsi olduğunu göstərir. Ulu Öndərin siyasi xətti bu gün də ölkənin inkişafına istiqamət verən başlıca strateji yol olaraq qalır.
Bəylər Cəfərov – Zərdab rayonu Alıcanlı kənd sakini





















