image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Azərbaycanın hərbi gücü daim yüksəlməlidir

image-legitimaz-810x90

Azərbaycanın hərbi gücü daim yüksəlməlidir

Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər ölkəmizin qarşısında duran strateji vəzifələrin mahiyyətini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının çıxışında xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycanın hərbi gücünün daha da artırılmasıdır. Bu yanaşma təkcə bugünün reallıqlarından irəli gələn zərurət deyil, həm də gələcək təhlükəsizliyin etibarlı təminatına hesablanmış uzaqgörən dövlət siyasətinin mühüm istiqamətidir.

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa etdi. Bu Qələbə illər ərzində həyata keçirilən məqsədyönlü ordu quruculuğunun, güclü iqtisadiyyatın, müasir silahlanmanın, peşəkar hərbi kadrların və ən əsası, Ali Baş Komandanın siyasi iradəsinin məntiqi nəticəsi oldu. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü nümayiş etdirdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkəmizin suverenliyinin tam bərpasını təmin etdi.

Lakin qazanılmış Zəfər hərbi gücün artırılması məsələsini gündəmdən çıxarmır. Əksinə, müasir dünyada baş verən proseslər göstərir ki, dövlətin təhlükəsizliyinin qorunması üçün güclü orduya malik olmaq daim prioritet olaraq qalmalıdır. Dünyanın müxtəlif bölgələrində münaqişələrin genişlənməsi, geosiyasi rəqabətin kəskinləşməsi və təhlükəsizlik mühitinin sürətlə dəyişməsi hər bir dövlətin müdafiə qabiliyyətini daim təkmilləşdirməsini tələb edir.

Prezident İlham Əliyevin “dünyada vəziyyət o qədər tez dəyişir” fikri də məhz bu reallığa söykənir. Bu gün əldə olunan üstünlüklərlə kifayətlənmək deyil, sabahın çağırışlarını əvvəlcədən görmək və onlara hazır olmaq vacibdir. Azərbaycanın hərbi potensialının gücləndirilməsi bu baxımdan hücum niyyətinin deyil, milli təhlükəsizliyin və sülhün qorunmasının mühüm təminatıdır.

Güclü dövlət, ilk növbədə, öz ərazi bütövlüyünü, suverenliyini və milli maraqlarını qorumaq imkanına malik dövlət deməkdir. Azərbaycan bu istiqamətdə mühüm nəticələr əldə edib. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və regionda yeni həyatın qurulması əldə edilmiş Zəfərin real nəticələridir. Bu tarixi nailiyyətlərin qorunması isə hərbi qüdrətin daim yüksək səviyyədə saxlanılmasını zəruri edir.

Azərbaycanın hərbi gücünün artırılması həm də ordunun müasir texnologiyalarla təmin olunması, müdafiə sənayesinin inkişaf etdirilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi və yeni nəsil döyüş imkanlarının formalaşdırılması deməkdir. Vətən müharibəsinin təcrübəsi də göstərdi ki, müasir döyüş meydanında texnoloji üstünlük, çevik idarəetmə və peşəkarlıq həlledici amillərdəndir.

Bu gün Azərbaycanın məqsədi əldə etdiyi Zəfəri qorumaq, sülhü möhkəmləndirmək və regionda təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməkdir. Bunun üçün isə iqtisadi və siyasi güclə yanaşı, qüdrətli və daim yenilənən ordu da vacibdir. Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun əsas məntiqi bundan ibarətdir: Azərbaycan nəinki bu günün, həm də gələcəyin mümkün çağırışlarına hazır olmalıdır. Deməli, hərbi gücün artırılması Zəfərdən sonra yeni hədəf deyil, məhz Zəfərin əbədi və etibarlı təminatıdır. Güclü Azərbaycan Ordusu ölkəmizin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və davamlı inkişafının ən mühüm dayaqlarından biri olaraq qalır.

 

 

Pərviz Əsgərov – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki