Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra qarşıda duran əsas strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin hərtərəfli bərpasının, yenidən qurulmasının və dayanıqlı inkişafının təmin edilməsidir. Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi dövlət siyasətinin xüsusi prioriteti kimi müəyyən edilmişdir. Bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər yalnız dağıdılmış infrastrukturun bərpasını deyil, həmin ərazilərdə müasir şəhərsalma prinsipləri əsasında yeni yaşayış məkanlarının formalaşdırılmasını, iqtisadi fəallığın bərpa edilməsini, sosial xidmətlərin əlçatanlığının təmin olunmasını və əhalinin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışının təşkilini nəzərdə tutur.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda sosial-iqtisadi həyatın bərpası istiqamətində genişmiqyaslı layihələr ardıcıl şəkildə icra olunur. Son məlumatlara əsasən, həmin ərazilərdə artıq 96 min insan yaşayır, əmək fəaliyyəti ilə məşğul olur və təhsil alır. Bu göstərici işğaldan azad edilmiş ərazilərdə həyatın tədricən və sistemli şəkildə bərpa olunduğunu, dövlət tərəfindən yaradılan infrastruktur və sosial imkanların real nəticələr verdiyini nümayiş etdirir. Bu məqsədlərin reallaşdırılması üçün dövlət tərəfindən əhəmiyyətli maliyyə resursları səfərbər edilmişdir. Bu günədək Qarabağ və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayrılmışdır. Həmin vəsaitlərin böyük hissəsi nəqliyyat, enerji, kommunal xidmətlər, yaşayış məntəqələrinin qurulması, sosial obyektlərin yaradılması və digər strateji infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Layihələrin əhəmiyyətli hissəsinin artıq başa çatdırılması bərpa prosesinin geniş miqyasda və müəyyən edilmiş proqram əsasında həyata keçirildiyini göstərir.
Bərpa və yenidənqurma tədbirlərinin mühüm istiqamətlərindən biri də keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Artıq 48 yaşayış məntəqəsində keçmiş köçkünlərin məskunlaşması həyata keçirilmişdir. Bununla da “Böyük Qayıdış” proqramı praktiki baxımdan daha geniş mərhələyə daxil olmuşdur. Yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi, sosial obyektlərin yaradılması və müvafiq infrastrukturun qurulması ilə insanların doğma yurdlarına qayıdışı ardıcıl şəkildə davam etdirilir. Bundan sonrakı illərdə “Böyük Qayıdış” daha da sürətlə gedəcək. Qarabağ və Şərqi Zəngəzurda məskunlaşmanın genişləndirilməsi, əhalinin məşğulluğunun təmin olunması, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və iqtisadi potensialın tam şəkildə reallaşdırılması istiqamətində tədbirlər daha geniş miqyas alacaqdır. Qarşıya qoyulan məqsəd həmin ərazilərin yalnız fiziki baxımdan yenidən qurulması deyil, onların Azərbaycanın vahid iqtisadi, sosial və ictimai məkanına tam inteqrasiyasının təmin edilməsidir.
Təbii ki, Azərbaycanın qarşısında duran vəzifələr bununla məhdudlaşmır. Ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, milli təhlükəsizliyin daha da möhkəmləndirilməsi və beynəlxalq mövqelərin gücləndirilməsi istiqamətində də mühüm vəzifələr qarşıya qoyulmuşdur. Lakin bütün bu məsələlərin hər birini ətraflı şəkildə sadalamağa ehtiyac yoxdur. Əsas strateji istiqamətlər müəyyən edilmiş və onların icrası üzrə ardıcıl fəaliyyət həyata keçirilir. Bu tarixi vəzifələrin reallaşdırılmasında cəmiyyətin fəal iştirakı xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının fəalları və bütün üzvləri dövlətimizin qarşısında duran strateji məqsədlərin həyata keçirilməsində bundan sonra da fəal mövqe nümayiş etdirəcəklər. Partiyanın cəmiyyətin siyasi həyatında rolu, dövlətçilik prinsiplərinə bağlılığı və milli maraqların müdafiəsinə yönəlmiş fəaliyyəti qarşıdakı mərhələdə də mühüm amillərdən biri olacaqdır.
Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri




















