Yeni Azərbaycan Partiyasının qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir.
Azərbaycanın son illərdə qazandığı mühüm nailiyyətlərin, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinin və milli maraqlarımızın ardıcıl şəkildə təmin edilməsinin əsasında məqsədyönlü, uzaqgörən və prinsipial dövlət siyasəti dayanır. Cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl fəaliyyət Azərbaycanın siyasi, iqtisadi və sosial inkişafının yeni mərhələyə yüksəlməsinə imkan yaradıb. Dövlət başçısının qarşıya qoyduğu məqsədlər ölkənin dayanıqlı inkişafını, milli həmrəyliyin möhkəmləndirilməsini və Azərbaycanın dünyada layiqli mövqeyinin daha da gücləndirilməsini təmin edən mühüm amillərdən biridir.
Cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi, məqsədyönlü fəaliyyəti və milli maraqlara əsaslanan siyasəti Azərbaycanın müstəqil inkişaf yolunda inamla irəliləməsinə şərait yaradıb. Onun rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr, dövlət idarəçiliyində aparılan islahatlar və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi Azərbaycanın əldə etdiyi uğurların miqyasını daha da genişləndirib. Bu siyasətin mühüm dayaqlarından biri isə xalqla iqtidar arasında möhkəm birlik və etimadın formalaşmasıdır.
Bu baxımdan Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyət daşıyan mühüm hadisə kimi diqqəti cəlb edir. Qurultay yalnız partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından deyil, eyni zamanda Azərbaycanın siyasi həyatında baş verən proseslərin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin müəyyən edilməsi baxımından da əlamətdardır.
Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ölkənin hərtərəfli inkişafı istiqamətində mühüm siyasi platformaya çevrilib. Partiyanın fəaliyyəti xalqın iradəsinə, milli həmrəyliyə və dövlətçilik prinsiplərinə əsaslanır. Bu gün YAP-ın sıralarında müxtəlif nəsillərin nümayəndələrinin təmsil olunması onun cəmiyyətdəki siyasi dayaqlarının genişliyini və davamlılığını göstərir.
Qurultayda çıxış edən Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın Azərbaycanın ictimai-siyasi həyatındakı rolunu yüksək qiymətləndirərək deyib: “Deyə bilərəm ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. Müxalifət partiyası kimi yaransa da, 30 ildən çoxdur ki, partiyamız iqtidardadır. Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var”.
Partiyanın siyasi fəaliyyətinin ölkənin əldə etdiyi uğurlarla və dövlətçilik tariximizin mühüm mərhələləri ilə sıx bağlı olması YAP-ın cəmiyyət qarşısındakı məsuliyyətini daha da artırır. Qurultay həm də partiyanın qarşıdakı dövrdə yeni çağırışlara uyğun fəaliyyət göstərməsi, gənc nəslin siyasi proseslərdə fəal iştirakının təmin olunması və cəmiyyətin müxtəlif təbəqələri ilə əlaqələrin daha da gücləndirilməsi baxımından mühüm platformadır.
Bu gün Azərbaycan qarşısında yeni inkişaf perspektivləri və mühüm vəzifələr dayanır. Qarşıdakı dövrdə əldə olunmuş nailiyyətlərin qorunması və daha da möhkəmləndirilməsi, ölkəmizin sosial-iqtisadi inkişafının davam etdirilməsi, beynəlxalq mövqelərinin gücləndirilməsi və milli həmrəyliyin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı məhz bu baxımdan ölkənin siyasi həyatında mühüm mərhələ olmaqla yanaşı, gələcəyə hesablanmış məqsədlərin və yeni siyasi prioritetlərin ifadəsi kimi də qiymətləndirilir.
Qurultayın əsas mesajlarından biri ondan ibarətdir ki, Azərbaycanın qarşısında duran strateji məqsədlərə nail olmaq üçün siyasi sabitlik, xalq-iqtidar birliyi və məqsədyönlü fəaliyyət mühüm şərtlərdir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında dayanan əsas vəzifə ölkənin inkişafına, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və cəmiyyətin rifahının yüksəldilməsinə xidmət edən siyasi xətti ardıcıl şəkildə davam etdirməkdir.
Çinarə Mehrəliyeva – Zərdab Peşə liseyinin müəllimi





















