Bizim şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi
Şanlı Zəfərimizin əldə olunmasından sonra Azərbaycanın qarşısında duran başlıca strateji vəzifə ərazi bütövlüyümüzün tam bərpasını təmin etməkdən ibarət olmuşdur. Bu məqsədə nail olunması istiqamətində həyata keçirilən fəaliyyət heç bir mərhələdə dayandırılmamış, bu şərəfli missiyanın başa çatdırılması üçün siyasi, diplomatik və hərbi istiqamətlər üzrə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər keçən müddət məhz bu baxımdan Azərbaycanın bir neçə istiqamətdə paralel fəaliyyət göstərdiyi mühüm mərhələ olmuşdur.
Həmin dövrdə əsas fəaliyyət istiqamətlərindən biri beynəlxalq siyasi və diplomatik müstəvi olmuşdur. Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən və ermənipərəst yanaşmaları ilə seçilən ölkələrin müxtəlif beynəlxalq platformalarda ölkəmizin milli maraqlarına zidd məqsədlərini həyata keçirməsinin qarşısının alınması üçün ardıcıl iş aparılmışdır. Beynəlxalq təşkilatlar çərçivəsində geniş maarifləndirmə fəaliyyəti həyata keçirilmiş, Azərbaycanın mövqeyi, bölgədə yaranmış yeni reallıqlar və münaqişənin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə sistemli şəkildə çatdırılmışdır. Bununla yanaşı, proses yalnız siyasi və diplomatik müstəvi ilə məhdudlaşmamışdır. Qarabağ bölgəsində Azərbaycan Ordusunun strateji mövqelərinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində konkret tədbirlər görülmüş, bir sıra uğurlu hərbi əməliyyatlar həyata keçirilmişdir. Həmin əməliyyatların qısamüddətli xarakter daşıması məqsədyönlü yanaşmanın nəticəsi idi.
Eyni zamanda, Azərbaycan–Ermənistan şərti sərhədində gedən proseslər də Azərbaycanın ərazi bütövlüyünün tam tanınması baxımından mühüm siyasi və hüquqi zəmin formalaşdırmışdır. Bu proseslərin nəticəsi olaraq Ermənistan 2022-ci ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımışdır. Bununla da Ermənistan faktiki olaraq Qarabağda yerləşən və Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən erməni silahlı birləşmələrinin hüquqi əsasının olmadığını qəbul etmişdir. Bu mövqenin ortaya qoyulmasından sonra Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi, onların tərk-silah edilməsi və Azərbaycan ərazisi üzərində tam nəzarətin təmin olunması istiqamətində hüquqi zəmin daha da möhkəmlənmişdir. Əslində isə bu hüquqi əsas əvvəldən mövcud idi. Beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyırdı. Lakin uzun illər ərzində beynəlxalq müstəvidə ifadə olunan mövqe ilə praktiki fəaliyyət arasında ciddi uyğunsuzluq mövcud olmuşdur.
Azərbaycan həm siyasi-diplomatik müstəvidə apardığı ardıcıl fəaliyyət, həm də ərazidə həyata keçirdiyi məqsədyönlü hərbi tədbirlər vasitəsilə mövcud vəziyyəti dəyişdirmişdir. Uzun illər davam edən ikili standartlara və riyakarlığa Azərbaycan Ordusunun qətiyyətli mövqeyi və hərbi gücü ilə son qoyulmuşdur. Bu prosesin hər bir mərhələsi əvvəlki mərhələnin məntiqi davamı olmuş və yekunda Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnmişdir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri





















