image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-prez

Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək

image-legitimaz-810x90

Biz hər gün hazır olmalıyıq ki, istənilən hərbi təxribata cavab verək.

 

Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik məsələləri dövlətlərin qarşısında dayanan əsas strateji vəzifələrdən biri olaraq qalır. Dünyanın müxtəlif regionlarında baş verən proseslər göstərir ki, sülh və sabitliyin qorunması üçün dövlətin güclü müdafiə imkanlarına malik olması mühüm şərtdir. Azərbaycan da yeni geosiyasi reallıqlar fonunda öz təhlükəsizliyinin etibarlı təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.

Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər və 2023-cü ilin sentyabrında suverenliyin tam bərpa olunması ölkənin hərbi-siyasi tarixində yeni mərhələ açdı. Lakin əldə edilmiş nəticələrin qorunması, dövlət sərhədlərinin və milli maraqların etibarlı müdafiəsi daim yüksək hazırlıq və çevik fəaliyyət tələb edir. Bu baxımdan cənab Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər qarşıdakı dövrün təhlükəsizlik prioritetlərinə aydınlıq gətirir.

Dövlət başçısı qurultayda çıxışı zamanı Azərbaycanın hərbi gücünün daha da artırılmasının vacibliyini xüsusi vurğulayıb. Bu yanaşma yalnız mövcud təhlükələrin qarşısının alınmasına deyil, eyni zamanda potensial təhdidlərin önlənməsinə hesablanmış strategiyanın tərkib hissəsidir. Güclü müdafiə qabiliyyəti dövlətin müstəqil siyasət yürütməsi, milli maraqlarını qoruması və ölkənin ərazi bütövlüyü ilə suverenliyinin təmin olunması baxımından mühüm amildir.

Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən danışarkən hərbi və təhlükəsizlik məsələlərinin dövlət siyasətində prioritet olaraq qalacağını bildirərək deyib: “Elə güc əldə etməliyik və bunu əldə edirik ki, heç kimin ağlına belə gəlməsin Azərbaycana qarşı hansısa təxribat törətmək. Ona görə bu, birinci vəzifədir və təsadüfi deyil ki, bizim bu gün müzakirə olunan dövlət büdcəmizdə, gələn ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri yenə də ön plandadır və təqribən 9 milyard manata yaxın vəsait bu məqsədlər üçün nəzərdə tutulur. Təbii ki, bizim başqa ehtiyaclarımız da var – ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpası, insanların sosial vəziyyətinin yaxşılaşdırılması. Biz bunu da edirik və müzakirə olunan büdcədə bütün bunlar nəzərdə tutulur. Ancaq əgər biz özümüzü qoruya bilməsək, onda bizim başqa hər hansı bir layihə tamamilə əhəmiyyətsiz olacaq”.

Bu fikirlər dövlət təhlükəsizliyinin bütün digər inkişaf istiqamətlərinin əsasında dayandığını göstərir. Təhlükəsizliyin təmin olunması iqtisadi inkişafın, sosial layihələrin, infrastruktur proqramlarının və quruculuq işlərinin davamlı həyata keçirilməsi üçün mühüm şərtdir. Başqa sözlə, güclü müdafiə imkanları Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunmasının və gələcək inkişafının mühüm təminatlarından biridir.

Azərbaycanın müdafiə potensialının artırılması ardıcıl xarakter daşıyır. Ordunun müasir silah və texnologiyalarla təchiz edilməsi, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi, müdafiə sənayesinin inkişaf etdirilməsi və hərbi infrastrukturun təkmilləşdirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Burada əsas məqsəd ölkənin müdafiə qabiliyyətini daim müasir tələblərə uyğunlaşdırmaq və mümkün təhdidlərə qarşı hazırlıq səviyyəsini yüksək saxlamaqdır.

Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Zəfərlə formalaşmış yeni reallıqları möhkəmləndirmək, dövlətin təhlükəsizlik və müdafiə imkanlarını daha da inkişaf etdirməkdir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirilən prioritetlər sırasında hərbi gücün artırılmasının xüsusi yer tutması da bu məqsədə xidmət edir.

Azərbaycanın gələcək inkişafı güclü dövlətçilik, iqtisadi dayanıqlıq və etibarlı təhlükəsizlik sistemi ilə sıx bağlıdır. Dövlət başçısının qurultayda səsləndirdiyi mesaj isə aydındır: ölkənin əldə etdiyi nailiyyətlərin qorunması üçün hər an hazır olmaq, milli maraqları qətiyyətlə müdafiə etmək və dövlətin müdafiə qüdrətini daim artırmaq lazımdır. Çünki davamlı inkişafın və dayanıqlı gələcəyin başlıca şərtlərindən biri məhz etibarlı milli təhlükəsizlikdir.

 

Etibar Niftəliyev – Zərdab şəhər sakini, veteran müəllim


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki