image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-1790085644435593766_1200x630

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır

image-legitimaz-810x90

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır.

 

Azərbaycan iqtisadiyyatında yeni mərhələnin başlanmasına hesablanan mühüm layihələrdən biri dağ-mədən və metallurgiya sənayesinin inkişafıdır. Bu istiqamətdə hazırlanmış 2027–2030-cu illər üçün Dövlət Proqramı ölkənin qeyri-neft sənayesinin genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və təbii sərvətlərdən daha səmərəli istifadə olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Dövlət Proqramının əsas istiqamətləri təqdim olunub. Prezident çıxışında bu sahənin Azərbaycan iqtisadiyyatı üçün böyük perspektivə malik olduğunu vurğulayıb və qarşıdakı illərdə burada yeni, müasir sənaye istiqamətinin formalaşdırılacağını bildirib.

Dövlət Proqramının qarşıya qoyduğu hədəflərin miqyası kifayət qədər böyükdür. 2027–2030-cu illərdə proqram üzrə ümumi investisiya ehtiyacının 5,3 milyard manat olacağı bildirilir.

Bu vəsaitin müxtəlif mənbələr hesabına formalaşdırılması nəzərdə tutulur. Təxminən 1,1 milyard manatın dövlət büdcəsindən, 2,2 milyard manatın dövlət müəssisələrinin vəsaitləri, o cümlədən borc kapitalı hesabına, 2 milyard manatın isə özəl vəsaitlər hesabına cəlb edilməsi planlaşdırılır. Beləliklə, investisiyanın əsas hissəsinin büdcədənkənar mənbələr hesabına formalaşdırılması nəzərdə tutulur. Proqramın icrası nəticəsində növbəti dörd ildə sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması hədəflənir.

Yeni yanaşmanın əsas xüsusiyyətlərindən biri istehsal zəncirinin tam qurulmasıdır. Məsələn, Balakəndə yerləşən “Filizçay” polimetal yatağı üzrə böyük planlar var. Burada mis, sink və qurğuşun kimi metalların hasilatı ilə yanaşı, onların emalı üçün də istehsal müəssisələrinin yaradılması nəzərdə tutulur. Bu, həm yeni texnologiyaların ölkəyə gətirilməsi, həm də müxtəlif sahələrdə yeni iş yerlərinin yaranması deməkdir. Bu cür layihələr Azərbaycanın metallurgiya sahəsində xammal istehsalçısından daha yüksək əlavə dəyərə malik məhsullar istehsal edən ölkəyə çevrilməsi istiqamətində yeni imkanlar yarada bilər.

Dövlət Proqramının nəticələri yalnız sənaye müəssisələri ilə məhdudlaşmayacaq. Prezident İlham Əliyev çıxışında proqramın icrası nəticəsində 5 mindən çox daimi iş yerinin yaradılmasının nəzərdə tutulduğunu bildirib.

Yeni iş yerlərinin yaradılması xüsusilə regionlar üçün əhəmiyyətlidir. Çünki böyük sənaye layihələrinin həyata keçirilməsi həmin ərazilərdə yalnız əsas müəssisələrin deyil, xidmət, nəqliyyat, logistika, tikinti və digər əlaqəli sahələrin də inkişafına şərait yaradır. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzur da xüsusi diqqət mərkəzindədir. Bu ərazilərdə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi və yeni istehsal imkanlarının yaradılması regionların iqtisadi potensialının artırılmasına xidmət edə bilər.

Bu layihələrin həyata keçirilməsi Azərbaycanın qızıl, mis, sink, qurğuşun və dəmir üzrə istehsal və ixrac imkanlarının genişlənməsinə səbəb ola bilər. Bu da ölkənin metallurgiya sənayesinin yalnız bir neçə yataq və müəssisə ilə məhdudlaşmayacağını, müxtəlif istiqamətləri əhatə edən geniş sənaye sisteminin formalaşdırılacağını göstərir. Bu proqram Azərbaycanın qeyri-neft sənayesində yeni istehsal imkanlarının yaranmasına, regionların iqtisadi fəallığının artmasına və ölkənin ixrac potensialının genişlənməsinə hesablanmış mühüm addımlardan biri kimi qarşıdakı illərdə öz nəticələrini göstərəcək.

 

Zərdab rayon Gəlmə kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki