İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsi, müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə töhfə verməkdir. Azərbaycan bu istiqamətdə uzun illər ərzində ardıcıl siyasət həyata keçirir. Ölkəmizin həm tarixi irsi, həm İslam dünyasındakı mövqeyi, həm də müasir siyasi imkanları bu prosesdə daha fəal iştirak etməyə şərait yaradır. Bu siyasətin mühüm nəticələrindən biri Azərbaycanın D-8 təşkilatına üzv qəbul edilməsi olmuşdur. Təxminən 30 ildir fəaliyyət göstərən bu təşkilatda müsəlman aləminin əhali baxımından ən böyük ölkələri təmsil olunur. Lakin bütün bu müddət ərzində təşkilata yeni üzv qəbul edilməmişdi. Azərbaycan bu baxımdan mühüm bir mərhələyə imza ataraq D-8-in yeni üzvü oldu. Bu, yalnız təşkilata üzvlük məsələsi deyil, eyni zamanda Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində apardığı siyasətə verilən siyasi əhəmiyyətin göstəricisidir.
D-8 çərçivəsində fəaliyyət Azərbaycanın İslam dünyasında iqtisadi, siyasi və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Ölkəmiz bundan sonra da bu platformadan istifadə etməklə müsəlman ölkələri arasında əlaqələrin gücləndirilməsinə, qarşılıqlı maraqların uzlaşdırılmasına və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə çalışacaqdır. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri də xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz təşkilatla çox sıx əlaqələr qurmuş, onun fəaliyyətində fəal iştirak etmiş və İslam dünyasının qarşısında dayanan məsələlərə münasibətdə öz mövqeyini ardıcıl şəkildə ifadə etmişdir. Bu əməkdaşlıq yalnız siyasi məsələlərlə məhdudlaşmır, iqtisadi, humanitar, mədəni və digər sahələri də əhatə edir.
Gələn il Azərbaycanda Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq. Onun keçirildiyi dövrdə İslam dünyasında mürəkkəb proseslər cərəyan edir və bir sıra müsəlman ölkələri arasında hərbi qarşıdurmalar davam edir. İslam ölkələrinin bir-biri ilə müharibə aparması bizi ciddi narahat edir və məyus edir. Belə vəziyyət İslam dünyasının həmrəyliyinə, qarşılıqlı etimada və ümumi inkişaf məqsədlərinə mənfi təsir göstərir.
Azərbaycanın bu prosesdə birləşdirici rol oynamasına həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır. Ölkəmiz həm Qərb, həm Şərq, həm də müxtəlif müsəlman ölkələri ilə qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında münasibətlər qurur. Bu, Azərbaycana müxtəlif tərəflər arasında dialoqun təşviqi və ortaq maraqların müəyyənləşdirilməsi baxımından əlavə imkanlar verir. Bu siyasətin əsas məqsədi İslam dünyasında parçalanmanın deyil, həmrəyliyin gücləndirilməsinə, qarşıdurmaların deyil, əməkdaşlığın təşviqinə və müsəlman ölkələri arasında qarşılıqlı dəstək mexanizmlərinin inkişafına töhfə verməkdir. Azərbaycanın D-8-ə üzvlüyü, İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələri və qarşıdakı Zirvə Görüşünə ev sahibliyi etməsi ölkəmizin bu istiqamətdə fəal mövqeyinin mühüm göstəriciləridir.
Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri




















