İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir
Bu gün YAP-ın VIII qurultayı yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir. VII qurultayımız da o vaxt üçün yeni mühitdə keçirilmişdir. Çünki o şanlı Zəfərimizdən cəmi bir neçə ay keçmişdir və bütün dünya bizim Zəfərimizdən danışırdı. Azərbaycan özü təkbaşına həm işğala son qoymuşdur, eyni zamanda, bölgədə yeni reallıqlar yaratmışdır. O vaxtdan – İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Azərbaycan öz gücü hesabına işğala son qoymaqla yanaşı, bölgədə yeni siyasi və geosiyasi vəziyyət yaratmışdır. Bu gün artıq həmin reallıqlar regionda gedən proseslərin əsasını təşkil edir və Azərbaycanın mövqeyi nəzərə alınmadan bölgədə hər hansı proses haqqında danışmaq mümkün deyil.
Qeyd edək ki, bu nəticələrin əldə olunması asan başa gəlmədi. Bu illər ərzində Azərbaycan çox ciddi müqavimətlə üzləşmişdir. Ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərin və bölgədə formalaşdırdığı yeni reallıqların qəbul edilməsinə qarşı müxtəlif siyasi və diplomatik vasitələrdən istifadə olunmuşdur. Ölkəmizə qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşdik. Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması, ölkəmizin mövqeyinin təhrif edilməsi və beynəlxalq ictimaiyyətə yanlış təqdim olunması istiqamətində ardıcıl cəhdlər göstərilmişdir..
Bütün bu proseslərə baxmayaraq, Azərbaycan öz müstəqil siyasətini davam etdirmiş, milli maraqlarını ardıcıl şəkildə müdafiə etmişdir. Ölkəmiz qarşısında duran əsas məqsədlərdən biri – ərazi bütövlüyünün və suverenliyin tam bərpası təmin edilmişdir. Beləliklə, İkinci Qarabağ müharibəsindəki Zəfərimizlə yaranmış yeni reallıqlar daha da inkişaf etmiş və Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə yeni mərhələyə keçmişdir. Hazırkı mərhələdə əsas vəzifələr əldə edilmiş nəticələrin qorunması və möhkəmləndirilməsi, dövlətimizin təhlükəsizliyinin və milli maraqlarının etibarlı şəkildə təmin olunması, ölkəmizin davamlı inkişafının təmin edilməsi, eləcə də bölgədə sülh və əməkdaşlıq mühitinin daha da gücləndirilməsidir. Azərbaycan bundan sonra da öz milli maraqlarına əsaslanan müstəqil siyasətini davam etdirməli və yeni geosiyasi reallıqlara uyğun olaraq qarşıda duran vəzifələri ardıcıl şəkildə həyata keçirməlidir.
Bu baxımdan, hazırkı qurultay xüsusi əhəmiyyət daşıyır. Çünki bu qurultay Azərbaycanın keçdiyi mürəkkəb siyasi mərhələnin yekunlarını qiymətləndirmək, əldə edilmiş tarixi nəticələri nəzərdən keçirmək və qarşıdakı dövr üçün yeni fəaliyyət istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platformadır.
Qarşıdakı dövrdə əsas məqsəd əldə olunmuş tarixi nailiyyətlərin qorunması, ölkəmizin siyasi, iqtisadi və sosial inkişafının davam etdirilməsi, dövlətimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi və Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsidir. Bu vəzifələrin həyata keçirilməsi üçün mövcud yeni ictimai-siyasi və geosiyasi vəziyyətin yaratdığı imkanlardan səmərəli istifadə olunması xüsusi əhəmiyyət kəsb edir.
Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin direktoru






















