image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-images

Güclü dövlət və milli birlik ideoloji təhlükələrə qarşı ən böyük gücdür

image-legitimaz-810x90

Güclü dövlət və milli birlik ideoloji təhlükələrə qarşı ən böyük gücdür

 

Bu gün Azərbaycan öz dövlət gücü, ordusu, iqtisadi imkanları və beynəlxalq nüfuzu ilə fəxr edən ölkələrdən biridir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Bu fəxr təkcə qazandığımız Qələbə ilə bağlı deyil. Bu, həm də Azərbaycanın bütün çətinliklərə baxmayaraq öz yolunu seçməsi və müstəqil siyasət yürütməsi ilə bağlıdır.

Müasir dünyada dövlətin təhlükəsizliyi yalnız sərhədlərin qorunması demək deyil. Bu gün informasiya, internet və sosial şəbəkələr vasitəsilə müxtəlif fikirlər və təsirlər çox sürətlə yayılır. Bəzən məqsədli şəkildə yalan məlumatlar, şayiələr və cəmiyyətdə narazılıq yaratmağa yönəlmiş fikirlər də yayılır. Buna görə ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik qədər vacibdir.

Belə təsirlərdən qorunmağın ən yaxşı yollarından biri təhsildir. İnsan nə qədər savadlı və məlumatlı olarsa, qarşısına çıxan hər xəbərə kor-koranə inanmaz. Doğru ilə yanlışı ayırmağı bacarar, yalan məlumatların təsiri altına düşməz. Ona görə də gənclərin yaxşı təhsil alması və düzgün dünyagörüşünə sahib olması ölkəmizin gələcəyi üçün çox vacibdir.

Digər mühüm məsələ vətənpərvərlikdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində öz birliyini və gücünü bütün dünyaya göstərdi. Ordumuzun şücaəti, xalqımızın həmrəyliyi və dövlət rəhbərliyinin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu Qələbə hər bir azərbaycanlının qürur mənbəyidir. Öz dövlətinə və xalqına bağlı olan insan müxtəlif xarici təsirlərə daha möhkəm dayanır.

Prezident İlham Əliyevin çıxışında xarici siyasətlə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz xarici siyasətini milli maraqlar əsasında qurur və heç bir dövlətin ölkəmizin daxili işlərinə müdaxilə etməsini istəmir. Azərbaycanın təcrübəsi göstərdi ki, çətin vəziyyətlərdə ölkəmiz əsasən öz gücünə arxalanıb. Uzun illər ərzində ordu quruculuğuna böyük diqqət yetirilib, müasir silahlar alınıb, müdafiə sənayesi inkişaf etdirilib.

Bu gün qarşımızda duran əsas vəzifələrdən biri əldə etdiyimiz nailiyyətləri qorumaqdır. Bunun üçün güclü ordu ilə yanaşı, güclü cəmiyyət də lazımdır. Cəmiyyətin gücü isə insanların dövlətə inamından, milli birliyindən, savadından və vətənpərvərliyindən yaranır.

Azərbaycan xalqı artıq öz gücünü tarixdə dəfələrlə göstərib. Əsas məsələ bundan sonra da birlik və həmrəylik içində olmaq, dövlətimizin müstəqil siyasətini dəstəkləmək və hər hansı yalan və təxribatın cəmiyyətimizə təsir etməsinə imkan verməməkdir. Güclü dövlət, savadlı və vətənpərvər vətəndaşlar Azərbaycanın gələcək təhlükəsizliyinin ən böyük təminatıdır.

 

Fazil Kərimov – Zərdab rayonu, İsaqbağı kənd sakini, təqaüddə olan müəllim

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki