image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-90ccf02f81e24c4add7b7a48f7a609f2

Türkiyədən BMT rəhbərliyi uğrunda ilk addım – Ərdoğan rəsmən qərar verdi!

image-legitimaz-810x90

Türkiyə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi vəzifəsinə öz namizədini rəsmən irəli sürüb.

Xeberaz.info  xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkənin sabiq xarici işlər naziri, hazırda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi olan Feridun Sinirlioğlunun namizədliyi irəli sürülüb.

Anadolu Agentliyinin məlumatına görə, Türkiyənin BMT-dəki daimi nümayəndəsi, səfir Əhməd Yıldız rəsmi namizədlik məktubunun BMT Baş Assambleyasının sədrinə təqdim edildiyini açıqlayıb.

Səfir bildirib ki, Prezident Ərdoğan Sinirlioğlunun peşəkar keyfiyyətlərini, beynəlxalq təcrübəsini və diplomatik bacarıqlarını nəzərə alaraq onun namizədliyini məqsədəuyğun hesab edib.

Əhməd Yıldızın sözlərinə görə, BMT-nin yeni Baş katibi ilə bağlı indiyədək vahid namizəd üzərində razılıq əldə olunmaması Türkiyənin bu addımı atmasına səbəb olub.

Türkiyə diplomatı həmçinin bildirib ki, Ankara yeni Baş katibin Latın Amerikası və Karib hövzəsi ölkələrindən seçilməsi ənənəsinə hörmətlə yanaşdığı üçün indiyədək namizəd irəli sürməyə tələsməyib.

Rəsmi müraciətə Feridun Sinirlioğlunun tərcümeyi-halı və BMT-nin gələcək fəaliyyəti ilə bağlı baxışlarını əks etdirən sənəd də əlavə olunub.

Qeyd edək ki, BMT-nin hazırkı Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır. Yeni Baş katib 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlamalıdır.

Türkiyənin namizədindən əvvəl bu vəzifəyə səkkiz nəfərin namizədliyi irəli sürülüb.

BMT Baş katibinin seçilməsi prosesində Təhlükəsizlik Şurasının beş daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa həlledici rol oynayır. Bu ölkələrdən hər hansı birinin veto hüququndan istifadə etməsi namizədin seçilməsinə mane ola bilər.

Feridun Sinirlioğlu 2015-ci ildə Türkiyənin xarici işlər naziri, 2016–2023-cü illərdə isə ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifələrində çalışıb. O, 2024-cü ilin dekabrından ATƏT-in Baş katibidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki