“Ağdamın azad olunmasına görə” medalı – tarixi Zəfərin və qəhrəmanlığın rəmzi.
20 Noyabr – Ağdam Şəhəri Günü xalqımızın yaddaşına Azərbaycanın ərazi bütövlüyünün bərpası, tarixi ədalətin təntənəsi və milli qürurun təcəssümü kimi həkk olunub. Uzun illər işğal altında qalan Ağdamın azadlığı Azərbaycan dövlətinin qətiyyətli siyasətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının parlaq nəticəsidir. Bu möhtəşəm tarixi hadisənin qəhrəmanlarının xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsi isə Zəfər tariximizin mühüm səhifələrindən biridir.
Ağdamın azad olunması Vətən müharibəsində əldə edilən tarixi Qələbənin mühüm mərhələsi olmaqla yanaşı, Azərbaycanın hərbi-siyasi qüdrətinin və xalq-ordu birliyinin təntənəsi idi. 2020-ci il noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsi ilə bu qədim yurdun üzərindən 27 illik həsrət pərdəsi götürüldü. Həmin gün təkcə bir şəhər azad edilmədi, həm də ağdamlıların doğma torpağa qayıdış ümidləri gerçəyə çevrildi.
Ağdamın azad edilməsində iştirak etmiş hərbi qulluqçuların şücaətinin əbədiləşdirilməsi, onların fədakarlığının yüksək qiymətləndirilməsi məqsədilə mühüm dövlət qərarı qəbul edildi. Medal Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da təsis edildi. Bu təltif Vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan əsgərinin qəhrəmanlığına, hərbi andına sədaqətinə və milli dövlətçilik qarşısındakı xidmətlərinə verilən ali qiymətin ifadəsidir.
C’nab Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5.790 hərbi qulluqçusu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Bu rəqəm arxasında minlərlə qəhrəmanlıq salnaməsi, döyüş yolu, fədakarlıq və Vətən sevgisi dayanır. Medalın hər bir daşıyıcısı Azərbaycanın şanlı Zəfər tarixinin canlı təmsilçisi, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir.
Bu gün Ağdamda aparılan genişmiqyaslı quruculuq işləri, şəhərin yenidən dirçəlişi və doğma sakinlərinin mərhələli şəkildə öz yurdlarına qayıdışı tarixi Qələbənin davamıdır. Vaxtilə düşmən tərəfindən xarabalığa çevrilmiş Ağdam bu gün dövlətimizin gücü, xalqımızın qurub-yaratmaq əzmi ilə yenidən canlanır.
“Ağdamın azad olunmasına görə” medalı isə bu böyük tarixin unudulmaz nişanəsi olaraq yaşayacaq. O, həm qəhrəman əsgərlərimizin şərəfli döyüş yolunu, həm də Azərbaycan xalqının heç vaxt sınmayan iradəsini təcəssüm etdirir. 20 Noyabr – Ağdam Şəhəri Günü bizə bir daha xatırladır: Vətən uğrunda göstərilən qəhrəmanlıq unudulmur, tarixə yazılır və nəsildən-nəslə ötürülür.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi






















