image-media-qanunla-reklam-49zqr58lyeum0wphsf12
image-agdam

Ağdamın işğalı

image-legitimaz-810x90

Ağdamın işğalı

 

Ağdamın işğalı Azərbaycan xalqının yaxın tarixində ən ağır faciələrdən biridir. Qarabağın mühüm yaşayış, iqtisadi və mədəniyyət mərkəzlərindən olan bu şəhərin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi minlərlə insanın həyatını dəyişdirmiş, bütöv bir bölgənin inkişafını dayandırmışdır.

1993-cü ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü daha da genişlənmiş, Qarabağ ətrafında yerləşən rayonlar bir-birinin ardınca işğala məruz qalmışdı. Ağdam uğrunda 42 gün davam edən ağır döyüşlər 1993-cü il iyulun 23-də şəhərin və rayon ərazisinin böyük hissəsinin işğalı ilə nəticələndi. Nəticədə 1094 kvadratkilometr ərazisi olan rayonun 882 kvadratkilometri, o cümlədən rayon mərkəzi və 90 kənd düşmən nəzarətinə keçdi. Ağdamın işğalı minlərlə insanın taleyində dərin iz buraxdı. Təxminən 128 min sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İnsanlar illərlə qurduqları evlərini, təsərrüfatlarını, xatirələrini və doğmalarının məzarlarını arxada qoyaraq təhlükəsiz ərazilərə üz tutdular.

İşğal nəticəsində rayonun iqtisadi və sosial infrastrukturu da ciddi dağıntılara məruz qaldı. Onlarla sənaye və kənd təsərrüfatı müəssisəsi, məktəblər, mədəniyyət evləri, klublar və digər ictimai obyektlər məhv edildi və ya talan olundu. Dünyada yeganə olan Ağdam Çörək Muzeyinin dağıdılması isə mədəni irsimizə vurulan zərbənin rəmzlərindən birinə çevrildi. Ağdam uğrunda döyüşlər zamanı 6 mindən artıq insanın şəhid olması bu torpağın azadlığı uğrunda verilən qurbanların miqyasını göstərir. Minlərlə insan yaralanmış, ailələr parçalanmış, uşaqlar doğma yurdlarından uzaqda böyüməli olmuşlar.

Ağdamın işğalı yalnız ərazi itkisi deyildi. Bu, bir xalqın tarixinə, mədəniyyətinə, milli kimliyinə və fundamental hüquqlarına qarşı yönəlmiş hərbi təcavüzün nəticəsi idi. Şəhərin və kəndlərin dağıdılması, mülki əhalinin qovulması Ermənistanın işğalçılıq siyasətinin ağır nəticələrini nümayiş etdirirdi. Lakin ağdamlıların doğma torpağa qayıtmaq ümidi heç vaxt sönmədi. İllərlə davam edən məcburi köçkünlük, ağır məişət şəraiti və doğma yurda həsrət xalqımızın iradəsini qıra bilmədi.

2020-ci ildə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər Ağdamın da taleyini dəyişdi. Noyabrın 20-də rayonun işğal altında olan əraziləri Azərbaycana qaytarıldı. Beləliklə, 27 illik ayrılıq başa çatdı. Bu gün Ağdamın yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı tarixi ədalətin bərpasının mühüm mərhələsidir. Ağdamın faciəsi unudulmur, onun dirçəlişi isə xalqımızın qələbə əzmini və sarsılmaz iradəsini nümayiş etdirir.

 

Etibar Talıbov – Zərdab rayonu Alıcanlı kənd sakini

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki