Azərbaycan-Vyetnam münasibətləri: Dostluq, etimad və ortaq gələcək naminə əməkdaşlıq
Bəzən ölkələr arasında minlərlə kilometr məsafə olsa da, onları bir-birinə yaxınlaşdıran ortaq dəyərlər və uzun illərin dostluğu olur. Azərbaycanla Vyetnam arasındakı münasibətlər də belə əlaqələrdəndir. Bu dostluq illər ərzində qorunub saxlanılıb, müxtəlif dövrlərdə inkişaf etdirilib və bu gün daha geniş əməkdaşlıq imkanları ilə zənginləşir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin keçmişinə və gələcəyinə nəzər salmaq baxımından mühüm əhəmiyyət daşıyır. Müsahibədə dövlət başçısı siyasi əlaqələr, iqtisadi əməkdaşlıq, beynəlxalq münasibətlər, təhsil, mədəniyyət və qarşıdakı rəsmi səfərlə bağlı fikirlərini bölüşüb.
Azərbaycan-Vyetnam dostluğunun təxminən 70 illik tarixi var. Bu münasibətlərin başlanğıcı 1959-cu ildə Vyetnamın görkəmli dövlət xadimi Ho Şi Minin Bakıya səfərinə gedib çıxır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səfəri isə əlaqələrin inkişafında mühüm mərhələ olub. Həmin səfər zamanı əldə edilən razılaşmalar Vyetnamın iqtisadi inkişafına və iki ölkə arasında əməkdaşlığın genişlənməsinə töhfə verib.
Bu gün həmin tarixi dostluq müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilir. 2014-cü ildə Prezident İlham Əliyevin Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri, 2025-ci ildə isə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə səfəri münasibətlərin inkişafına yeni imkanlar yaradıb. Xüsusilə 2025-ci ildə qəbul edilmiş Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkənin əlaqələrində mühüm hadisədir. Bu sənəd siyasi dialoqun genişləndirilməsi ilə yanaşı, iqtisadiyyat, energetika, investisiya, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı üçün yeni istiqamətlər müəyyən edir.
Energetika sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın SOCAR şirkəti ilə Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin inkişaf etdirilməsi neft-qaz yataqlarının kəşfiyyatı, texniki xidmətlər və mütəxəssis hazırlığı kimi istiqamətləri əhatə edir. Bu əməkdaşlıq hər iki ölkənin təcrübə və imkanlarından qarşılıqlı istifadə etməsinə şərait yarada bilər.
Münasibətlərin digər mühüm tərəfi beynəlxalq əməkdaşlıqdır. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əlaqələr saxlayırlar. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində Vyetnamın dəstəyini xüsusi qeyd edib. Bu, dövlətlər arasında qarşılıqlı hörmətin və beynəlxalq hüquqa əsaslanan münasibətlərin əhəmiyyətini göstərir.
İki ölkəni yaxınlaşdıran digər sahə humanitar əməkdaşlıqdır. Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi təhsil və xeyriyyə layihələri, universitetlər arasında əlaqələr, tələbə mübadiləsi və mədəni tədbirlər xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edir. Sovet dövründə təxminən 5 min vyetnamlı tələbənin Azərbaycanda təhsil alması bu münasibətlərin nə qədər dərin tarixi köklərə malik olduğunu göstərir. Beləliklə, Azərbaycan-Vyetnam münasibətləri tarixi dostluğun müasir tərəfdaşlığa çevrilməsinin nümunəsidir. Əsas məqsəd isə bu dostluğu konkret nəticələrlə möhkəmləndirmək, yeni əməkdaşlıq imkanları yaratmaq və hər iki xalqın rifahına xidmət edən əlaqələri daha da genişləndirməkdir.
Zərdab rayon Əlibəyli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi-Gülşən İsmayılova

























