VYETNAM BİZNESİNİN AZƏRBAYCAN İQTİSADİYYATINDA İŞTİRAKI İKİTƏRƏFLİ MÜNASİBƏTLƏRİN MÜHÜM TƏRKİB HİSSƏSİDİR
Azərbaycan-Vyetnam münasibətləri qarşılıqlı hörmət, dostluq və ortaq maraqlar əsasında inkişaf edərək bu gün yeni iqtisadi məzmun qazanır. İki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsi, iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində nümayiş etdirilən qarşılıqlı maraq və biznes dairələri arasında formalaşan əməkdaşlıq imkanları münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Xüsusilə Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştiraka maraq göstərməsi ikitərəfli tərəfdaşlığın daha praktik və uzunmüddətli xarakter aldığını nümayiş etdirir.
Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan iqtisadiyyatının xarici investorlar üçün yaratdığı imkanları, ölkəmizin beynəlxalq əməkdaşlığa açıq mövqeyini və Vyetnam biznes dairələri ilə əlaqələrin genişləndirilməsinə verilən önəmi bir daha diqqətə çatdırır.
Azərbaycanın investisiya siyasətinin əsas istiqamətlərindən biri xarici tərəfdaşlar üçün əlverişli şəraitin yaradılması, onların ölkə iqtisadiyyatının müxtəlif sahələrində iştirakının təşviq edilməsidir. Bu siyasət yalnız maliyyə resurslarının cəlb olunmasına deyil, eyni zamanda qabaqcıl texnologiyaların, müasir idarəetmə təcrübəsinin və yeni istehsal imkanlarının ölkəmizə gətirilməsinə xidmət edir. Vyetnam şirkətlərinin bu prosesə qoşulması isə iqtisadi əlaqələrin yeni istiqamətlər üzrə inkişafına təkan verə bilər.
Cənab Prezident İlham Əliyev müsahibəsində Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakına toxunaraq qeyd edib: “Tikinti və infrastrukturun inkişafı, həmçinin Günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirən “ROX Group” bunun bariz nümunəsidir. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “ROX Group” ilə müvafiq sənədlər imzalanıb.”
Bu fakt Azərbaycan ilə Vyetnam arasında iqtisadi əməkdaşlığın konkret layihələr və investisiya təşəbbüsləri əsasında genişləndiyini göstərir. “ROX Group”un Azərbaycanda tikinti, infrastruktur və alternativ enerji sahələrinə marağı ölkəmizin investisiya potensialına verilən yüksək qiymətin ifadəsidir. Xüsusilə bərpaolunan enerji sahəsində əməkdaşlıq Azərbaycanın yaşıl enerji strategiyası ilə uzlaşır. Ölkəmizin zəngin günəş və külək enerjisi potensialı, bu sahədə həyata keçirilən genişmiqyaslı layihələr xarici investorlar üçün yeni perspektivlər açır.
Məlum olduğu kimi, Azərbaycan qarşıya qoyduğu strateji hədəflərə uyğun olaraq iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına, enerji mənbələrinin şaxələndirilməsinə və yaşıl iqtisadiyyata keçid prosesinin sürətləndirilməsinə xüsusi diqqət yetirir. Bu baxımdan Vyetnam şirkətlərinin ölkəmizdə bərpaolunan enerji layihələrində iştirakı qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Günəş və külək elektrik stansiyalarının inşası, müasir enerji texnologiyalarının tətbiqi və infrastrukturun yenilənməsi həm iqtisadi inkişafı sürətləndirə, həm də yeni iş yerlərinin yaradılmasına töhfə verə bilər.
Cənab Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində diqqətə çatdırılan məqamlar bir daha təsdiqləyir ki, Azərbaycan xarici investisiyaların cəlb edilməsini iqtisadi inkişafın mühüm amillərindən biri kimi qiymətləndirir. Vyetnam biznesinin ölkəmizin iqtisadi həyatında daha fəal iştirakı isə ikitərəfli münasibətləri yeni məzmunla zənginləşdirəcək, qarşılıqlı etimadı möhkəmləndirəcək və uzunmüddətli iqtisadi tərəfdaşlığın formalaşmasına xidmət edəcək.
Beləliklə, “ROX Group” ilə imzalanmış sənədlər Azərbaycan-Vyetnam iqtisadi əlaqələrinin inkişafında mühüm hadisə olmaqla yanaşı, digər Vyetnam şirkətləri üçün də ölkəmizdə fəaliyyət göstərmək baxımından müsbət nümunədir.
Rəqsanə Qurbanova – Zərdab Peşə liseyinin müəllimi


























