10 noyabr 2020-ci il tarixli bəyanatın gücü – işğalçı Ermənistan qüvvələrin Ağdamdan çıxarılması
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələnin başlanğıcını qoymuşdur. 44 gün davam edən müharibənin yekununda 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin iştirakı ilə üçtərəfli bəyanat imzalanmışdır. Həmin sənəd münaqişə zonasında hərbi əməliyyatların dayandırılmasını və bir sıra ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan mühüm siyasi-hüquqi sənəd kimi çıxış etmişdir.
2020-ci il noyabrın 20-də üçtərəfli bəyanatın icrası çərçivəsində Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilmişdir. Bununla da rayonun 1993-cü ildən işğal altında saxlanılan ərazisi, o cümlədən Ağdam şəhəri Azərbaycanın nəzarətinə qaytarılmışdır. Bu hadisə rayonun tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, uzun illər doğma yurdlarından ayrı düşmüş ağdamlıların torpaqlarına qayıdış ümidlərini daha da gücləndirmişdir. Ağdamın hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarılması mühüm humanitar əhəmiyyət daşımışdır. Belə ki, razılaşdırılmış təhvil-təslim prosesi mümkün əlavə hərbi toqquşmaların və insan tələfatının qarşısının alınmasına şərait yaratmışdır. Bu baxımdan, 10 noyabr bəyanatının Ağdamla bağlı müddəasının icrası hərbi-siyasi nəticələrlə yanaşı, mülki əhalinin təhlükəsizliyi baxımından da əhəmiyyətli olmuşdur.
Ağdamın Azərbaycana qaytarılması rayonun inzibati ərazi bütövlüyünün bərpası, dövlət idarəçiliyinin yenidən təşkili və ərazidə bərpa-quruculuq işlərinin həyata keçirilməsi üçün zəruri şərait yaratmışdır. Uzun illər ərzində işğalın nəticələrindən əziyyət çəkmiş bölgədə infrastrukturun yenidən qurulması, yaşayış məntəqələrinin bərpası və iqtisadi potensialın dirçəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu hadisə məcburi köçkün həyatı yaşayan Ağdam sakinləri üçün də xüsusi tarixi və mənəvi əhəmiyyət kəsb etmişdir. Uzun illər doğma evlərindən, ata-baba yurdlarından uzaqda yaşayan insanların geri qayıtmaq imkanının yaranması ailə bağlarının, tarixi yaddaşın və yerli icma ənənələrinin bərpası baxımından mühüm mərhələ olmuşdur. Ağdamın Azərbaycana qaytarılması doğma torpağa qayıdış prosesinin hüquqi və siyasi əsaslarını möhkəmləndirmişdir.
Üçtərəfli bəyanatın icrası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm nəticə kimi qiymətləndirilir. Ağdamın təhvil verilməsi həmçinin hərbi münaqişənin dayandırılması və bölgədə yeni siyasi reallıqların formalaşması prosesinin tərkib hissəsi olmuşdur. Bu proses sonrakı dövrdə digər ərazilərin Azərbaycana qaytarılması ilə davam etmişdir. Ağdamın 20 noyabr 2020-ci il tarixində Azərbaycana təhvil verilməsi ölkənin müasir tarixində mühüm hadisələrdən biri kimi yadda qalmışdır. Bu tarix uzun illər davam edən işğal dövrünün başa çatmasını, rayonun yenidən dövlətin idarəçiliyinə keçməsini və bərpa mərhələsinə qədəm qoymasını ifadə edir.
Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


























