İKİ ÖLKƏ ARASINDA TİCARƏT DÖVRİYYƏSİ 150 MİLYON DOLLARDAN ARTİQ OLUB
Azərbaycanın son illərdə qazandığı möhtəşəm nailiyyətlər, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, beynəlxalq iqtisadi əlaqələrin şaxələndirilməsi və ölkəmizin regional logistika mərkəzinə çevrilməsi istiqamətində atılan ardıcıl addımlar milli iqtisadiyyatımızın dayanıqlı inkişafını təmin edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya iqtisadi sistemində mövqelərini möhkəmləndirir, yeni tərəfdaşlıqlar qurur, ənənəvi əməkdaşlıq əlaqələrini isə müasir dövrün tələblərinə uyğun olaraq daha da genişləndirir. Bu baxımdan Asiya ölkələri, xüsusilə Vyetnamla iqtisadi-ticari münasibətlərin inkişafı mühüm əhəmiyyət daşıyır.
Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illərə söykənən dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Ötən müddət ərzində formalaşmış siyasi dialoq, qarşılıqlı səfərlər və müxtəlif sahələrdə əməkdaşlıq əlaqələri iki ölkə arasında tərəfdaşlığın möhkəm təməlini yaradıb. Xüsusilə son dövrdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi qarşılıqlı əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə də iki ölkə arasında münasibətlərin mövcud vəziyyətini və gələcək inkişaf perspektivlərini əhatə etməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır. Dövlət başçısının müsahibədə səsləndirdiyi fikirlər Azərbaycan-Vyetnam əməkdaşlığının yalnız əldə olunmuş nəticələrlə məhdudlaşmadığını, qarşıda daha geniş imkanların olduğunu bir daha nümayiş etdirir.
Prezident İlham Əliyev iqtisadi-ticari əlaqələrin inkişaf dinamikasına toxunaraq bildirib: “Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ ki, real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir”. Bu rəqəm iki ölkə arasında iqtisadi münasibətlərin inkişaf səviyyəsini ifadə etməklə yanaşı, qarşılıqlı ticarətin daha da genişləndirilməsi üçün mövcud imkanların göstəricisidir. Əlbəttə, 150 milyon dollardan artıq ticarət dövriyyəsi mühüm nəticədir. Lakin Prezidentin də vurğuladığı kimi, əsas məqsəd mövcud göstəricilərlə kifayətlənməmək, qarşılıqlı iqtisadi maraqlara əsaslanaraq yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirmək və ticarət əlaqələrini daha yüksək səviyyəyə çatdırmaqdır.
İkitərəfli iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi sahələrdə əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur. Eyni zamanda, bərpaolunan enerji sahəsində qarşılıqlı investisiyaların təşviqi də gələcək tərəfdaşlığın mühüm istiqamətlərindəndir.
Vyetnam şirkətlərinin Azərbaycan iqtisadiyyatına marağının artması da qarşılıqlı münasibətlərin praktiki məzmununu zənginləşdirir. Xüsusilə tikinti, infrastruktur, günəş və külək enerjisi sahələrində birgə layihələrin reallaşdırılması üçün yaranan imkanlar investisiya əməkdaşlığının genişləndirilməsinə xidmət edir.
Bütün bunlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur. Siyasi iradə, qarşılıqlı etimad, iqtisadi maraqlar və əlverişli əməkdaşlıq imkanları iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün etibarlı zəmin yaradır.
Əminliklə demək olar ki, 150 milyon dolları ötən ticarət dövriyyəsi Azərbaycan-Vyetnam iqtisadi tərəfdaşlığının son həddi deyil, daha böyük hədəflərə aparan inkişaf yolunun mühüm başlanğıc göstəricilərindən biridir.
Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


























